29-04-2020
29 Aprel 2020-ci il tarixində Milli Kitabxanada MDB dövlətlərinin və bir sıra digər xarici ölkələrin Milli Kitabxana direktorlarının iştirakı ilə “Karantin şəraitində mütaliə: Kitabxanalar yeni formatda” mövzusunda Beynəlxalq Onlayn Kitabxana Forumu keçirilmişdir. Forumda Azərbaycan, Rusiya, Qazaxıstan, İtaliya (Roma), Malaziya, Fransa, Çin, Moldova, Bolqarıstan, Gürcüstan və digər ölkələrin Milli Kitabxana direktorları çıxış etmişlər. Milli Kitabxana direktorları koronavirus dövründə kitabxanaların fəaliyyətindən, həyata keçirilən layihələrdən danışmışlar. Koronovius dövründə yaranan problemlər müzakirə olunmuş, kitabxanaların bu günkü onlayn xidmətləri barədə çıxışlar olmuşdur. Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov “Milli Kitabxanalar karantin dövründə: Yeni şəraitdə yeni xidmətlər” mövzusunda çıxışında Azərbaycan Milli Kitabxanasının bu çətin şəraitdə yaratdığı yeni onlayn xidmət formalarını nümayiş etdirmiş və rəqəmlərin dili ilə karantin dövründə oxucuların fəallığının artmasından danışmışdır. Forum iştirakçılarını Milli Kitabxananın hazırladığı “Dissertasiyaların virtual Elektron kitabxanası”, “Səsyazılarının və qrammafon vallarının Elektron kitabxanası”, habelə elektron resursu olmayan materialların yerindəcə rəqəmsallaşdırılaraq pdf. formatında sifarişçilərin elektron ünvanlarına göndərilməsi xüsusilə maraqlandırmış və bu barədə K.Tahirova çoxlu sayda suallar ünvanlamışlar.