03-10-2021
Oktyabrın 3-də Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor Tamerlan Əliyevin 100 illik yubileyi tamam olur.
Tamerlan Əliyevin Azərbaycan tibb elminin müasir istiqamətlərinin müəyyənləşdirilməsində, dünya səviyyəsinə çıxmasında, tibbi tədqiqatlardan dəyərli nəticələr əldə edilməsində əvəzsiz xidmətləri olub. O, olduqca mənalı bir insan, alim, həkim, pedaqoq ömrü yaşayıb, bütün həyatını Azərbaycan tibb elmi və səhiyyəsinin tərəqqisinə həsr edib, çox sayda elmi-tədqiqat işləri ilə elmimizə misilsiz töhfələr verib.
Professor Tamerlan Əliyevin ölkəmiz üçün tibb sahəsində yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da əvəzsiz xidmətləri olub. Bu gün onun elmi məktəbinin yetirmələrinin adları nəinki ölkəmizdə, hətta ölkə hüdudlarından kənarda da böyük ehtiramla çəkilir.
Görkəmli alim Tamerlan Əliyevin 100 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Tamerlan Əliyev – 100” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, görkəmli alimin müəllifi olduğu kitablar, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Tamerlan_Eliyev_100/index.htm linkindən istifadə edə bilərlər.