07-02-2022
Fevralın 7-də Milli Kitabxanada Azərbaycan Respublikası Prezidentinin “2022-ci ilin Şuşa ili elan olunması barədə” 5 yanvar 2022-ci il tarixli sərəncamına müvafiq olaraq “Şuşa ili”nin açılış mərasiminə həsr olunmuş tədbir, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya” və “Xan Şuşinski. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq bildirib ki, artıq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət, ədəbiyyat xadimlərinin, görkəmli şəxslərin, eləcə də tarixi günlərin yubileylərinin qeyd edilməsi ənənə halını alıb. O, vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2022-ci ilin məhz “Şuşa ili” kimi səciyyələndirilməsi də çox mütərəqqi bir addımdır. Şuşa Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtıdır. Direktor qeyd edib ki, ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Azərbaycan Milli Kitabxanası da Mədəniyyət Nazirliyi ilə birgə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya” və “Xan Şuşinski. Biblioqrafiya” kitablarını nəşr etdirib.
O, qeyd edib ki, keçirilən yubiley tədbirlərinin ən gözəl nəticəsi çoxsaylı kitabların, çap məhsullarının nəşri, onların dünya miqyasında yayılmasıdır. İnanırıq ki, bu il çərçivəsində də Şuşanın tarixi, mədəniyyəti haqqında yeni-yeni kitablar, məcmuələr nəşr ediləcək.
Giriş sözü ilə çıxış edən Mədəniyyət naziri cənab Anar Kərimov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar ölkəmizdə 2022-ci il “Şuşa İli” elan olunub. O, qeyd edib ki, 30 ilə yaxın işğal altında olan Şuşa şəhəri 2020-ci ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad olunmuşdur. Şuşa bizim mədəniyyət paytaxtımızdır. Keçən il ölkə Prezidenti tərəfindən “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmasından sonra bir sıra tədbirlər – “Xarıbülbül festivalı”, “Vaqif poeziya günləri” və s. keçirilmişdir.
Bu gün isə biz milli mənəvi dəyərlərimizin saxlanc yeri, elm və mənəviyyat məbədi olan Milli Kitabxanamızda növbəti tədbirə toplaşmışıq. Məncə, hər ilin əvvəlində həmin il üçün əlamətdar olacaq hadisələrə həsr olunan tədbirlərə başlanğıc verməyin məhz Milli Kitabxanadan başlaması da təsadüfi deyildir. Mədəniyyət müəssisələrimiz, mədəniyyət işçilərimiz bu bərpa və quruculuq, dirçəldilmə işlərinin önündə getməlidir, çünki doğma Şuşamız Azərbaycan mədəniyyətinin, mənəviyyatımızın, ədəbiyyatımızın, musiqimizin beşiyi eləcə də, həmişə bu ənənələrin əsasını qoyanların tarixi vətəni olmuşdur. Ən azı bunlar bizi bu yolda yorulmadan çalışmağa və cənab Prezidentin çağırışına səs verməyə səfərbər etməlidir.
Nazir çıxışı zamanı onu da vurğulayıb ki: “məncə belə bir gündə Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi hər iki kitabın təqdimatının keçirilməsi və onların hər ikisinin məhz Şuşa şəhəri ilə bağlı olması da təsadüfi deyildir və mən belə hesab edirəm ki, bu tədbir bizim 2022-ci il ərzində həyata keçirəcəyimiz möhtəşəm layihələrin ilk addımları sayıla bilər”. Daha sonra o, Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın keçən il başladığı “Qarabağa kitabla gedək!” kitabtoplama kampaniyasının əhəmiyyətindən danışaraq 60 000 nüsxədən artıq kitabın toplanıldığını qeyd edib. Və bildirib ki, bu gün təqdimatı olan kitablar da bərpa olunacaq kitabxanaların fondunda özünəməxsus yer tutacaq.
Çıxışının sonunda cənab Nazir bütün tədbir iştirakçılarını “Şuşa ili” münasibətilə təbrik edib.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisinin deputatı Nizami Cəfərov çıxış edərək ilk öncə Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya belə bir tədbirin təşkilinə görə öz təşəkkürünü bildirib. O, qeyd edib ki, Şuşa yeni dövr şəhərsalma mədəniyyətinin ən önəmli hadisələrindən biridir. Şuşa Azərbaycan mədəniyyətinin, xüsusilə isə musiqinin, muğam sənətinin beşiyidir. Eyni zamanda Şuşa Azərbaycan poeziyasının, ədəbi dilinin vətəni sayılır.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxış edərək icra başçısı Bayram Səfərovun adından bütün iştirakçıları salamlayıb. O, bildirib ki, biz 28 il yarım həsrətlə Şuşanın azad olunmasını gözləmişik. Və bu gün artıq azad Şuşanın tədbirinə yığışmışıq. O, 44 günlük müharibə zamanı öz qətiyyətli mövqeyi ilə çıxış edən Cənab Prezidentimizə, Azərbaycan Ordusuna, bütün qazilərimizə öz təşəkkürünü bildirib. Sonra o, vurğulayıb ki, Şuşa bizə çoxsaylı şairlər, musiqiçilər, dövlət xadimləri bəxş edib. Şuşa haqqında həmişə çoxsaylı kitablar yazılıb və Şuşa ili çərçivəsində də belə əhəmiyyətli nəşrlər çap olunacaqdır.
Tədbirin davamında Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti, bəstəkar Sərdar Fərəcov; “Xan Şuşinski” Fondunun sədri, Xan Şuşinskinin qızı Bəyimxanın Cavanşirova çıxış edərək Şuşa ilinin əhəmiyyətindən, təqdimatı olan kitablardan, eləcə də gələcəkdə reallaşdırılacaq layihələrdən bəhs ediblər.
Sonda qonaqlar Milli Kitabxananın sərgi zalında açılan geniş kitab sərgisi ilə tanış olublar.