08-11-2021
Şuşa şəhərinin işğaldan azad edilməsindən 1 il ötür. Keçən il Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə noyabrın 8-də Şuşa şəhəri erməni işğalından azad olundu.
Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir. Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də, incəsənətimizin də, tariximizin də azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi. Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi demək oldu. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirdi. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür.
Bu tarixi gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Şuşa bizimdir! Qarabağ Azərbaycandır” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, Şuşa şəhəri haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, fotolar, Şuşanın tarixi, mədəniyyəti, coğrafiyası, memarlığı haqqında kitablar, dövri mətbuatda çıxan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa_bizimdir_Garabakh_Azerbaycandir/index.htm linkindən istifadə edə bilərlər.