05-10-2024
5 oktyabr tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanasının ekspozisiyasında “Şuşa İslam dünyasının mədəniyyət paytaxtı" adlı kitab sərgisinin təqdimatı olub.
Sərginin təqdimatında Qarabağ döyüşlərində Şuşanı azad edən xüsusi təynatlıların komandiri və Şuşaya Azərbaycan bayrağını sancan polkovnik Rəşad Aslanov, 44 günlük Vətən müharibəsinin qəhrəmanları və ziyarətçilər iştirak edib.
Sərgidə Şuşanın tarixi, mədəniyyəti və incəsənətinə dair Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın Görkəmli Şəxsiyyətləri” seriyasından hazırladığı Şuşanın görkəmli şəxslərinin biblioqrafiyaları və musiqi notları nümayiş olunur.
Qeyd edək ki, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 21 noyabr 2023-cü ildə Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.