İyunun 7-də Şimali Kipr Türkiyə Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turganer, Mədəniyyət Mərkəzinin direktoru Ceyhan Özyıldız və yazıçı Serkan Soyalan Milli Kitabxanada qonaq olub.
Görüş zamanı qonaqlara Milli Kitabxana haqqında məlumat verilib. Bildirilib ki, 5 milyondan artıq fondu olan Milli Kitabxana 80-ə yaxın ölkə ilə kitab mübadiləsi edir, 50-ə yaxın ölkə ilə memorandum imzalayıb.
Qeyd olunub ki, bu görüş Azərbaycan Milli Kitabxanası ilə Şimali Kipr Kitabxanası arasında əlaqələrin genişlənməsində böyük rol oynayacaq və əməkdaşlıq memorandumunun imzalanmasına zəmin yaradacaqdır.
Qonaqlar daha sonra Milli Kitabxana və kitabxana fondu ilə yaxından tanış olub, “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi”, “Açıq Kitabxana” bölmələrində xatirə şəkili çəkdiriblər.
Görüşün sonunda qonaqlara Milli Kitabxana və Azərbaycan xalçaları haqqında kitablar, habelə digər kitablar hədiyyə edilib. Qonaqlar isə Milli Kitabxanaya Kiprlə bağlı kitablar hədiyyə ediblər.