11-06-2022
15 İyun – Milli Qurtuluş Günü müstəqil dövlətçiliyimizin qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində müstəsna rol oynayan ulu öndər Heydər Əliyev olub.
1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qaldırılmasına nail olundu. Ümummilli liderin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Beləliklə, ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı.
1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Belə bir gərgin və böhranlı vəziyyətdə xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlamışdı. Ona görə də hələ 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ulu öndərə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. 4 iyun 1993-cü ildə Gəncədə baş verən hadisələr, vəziyyətin silahlı qarşıdurma səviyyəsinə çatdırılması isə onsuz da ölkədə mövcud olan mürəkkəb vəziyyəti bir qədər də ağırlaşdırmışdı. Azərbaycan vətəndaş müharibəsinin astanasında dayanmış, müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir məqamda yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar ulu öndərə müraciət etdilər. Əlbəttə ki, sağlam düşüncəli insanlar, ziyalılar AXC- “Müsavat” hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də onlar haqlı olaraq hesab edirdilər ki, bu vəziyyətdən xalqı yalnız Heydər Əliyev kimi lider xilas edə bilər. Bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin bu vəziyyətdən çıxacağına inamı artırdı. Bakıya qayıdan Heydər Əliyev hadisələri araşdırmaq, baş verənlərlə yerindəcə tanış olmaq məqsədilə Gəncəyə yollandı. Gəncədə apardığı danışıqlar nəticəsində silahsız, qan axıdılmadan məsələ həllini tapdı. Bununla da Azərbaycanı fəlakətə sürükləyə biləcək vətəndaş müharibəsinin qarşısı alındı. Ardınca dahi lider, digər təxirəsalınmaz tədbirlər həyata keçirdi. «... Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsini harada olursa -olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm» söyləyən , daim xalqa arxalanan ulu öndər Heydər Əliyev qısa müddətdə ölkədə milli həmrəyliyə, birliyə nail oldu.
Bütün bunları görən, dəyərləndirən xalqımız ona etimad göstərdi və Heydər Əliyev 1993-cü il iyunun 15-də Milli Məclisin Sədri seçildi. Ulu öndərin Azərbaycan Parlamentinin sədri seçildiyi gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 15 iyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. Bu baxımdan 15 İyun - Milli Qurtuluş Günü, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Heydər Əliyev idi. İyunun 15-dən sonra Azərbaycanda ulu öndərin xilaskarlıq missiyası uğurla reallaşmağa başladı. Beləliklə, xalqımız özünün əsl müstəqilliyinə və dövlətçiliyinə 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qovuşdu. O günlərdən 29 il ötür. Aradan keçən bu illər təkcə sözügedən qayıdışa bəslənən ümidlərin özünü doğrultması ilə yadda qalmadı, həm də Azərbaycanın bugünkü inkişafının etibarlı bünövrəsi qoyuldu. Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi.
Heydər Əliyev dühası Azərbaycan dövlətinin, xalqının bir millət kimi yetkinləşməsində müstəsna əhəmiyyət kəsb etdiyindən tariximizin çox parlaq şəxsiyyətlərindən birinə çevrildi. XX əsrdə ikinci dəfə müstəqilliyinə nail olmuş demokratik Azərbaycan dövlətinin qurulması istiqamətindəki xidmətləri böyük idarəçilik təcrübəsinə malik olan ümummilli liderimizin böyük tarixi şəxsiyyət olduğunu təsdiq etdi. Ümumilikdə 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazıldı. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, sarsılmazlığı təmin edildi.
Vaxtilə Heydər Əliyevin müstəqil və ərazi bütövlüyünü tam görmək istədiyi Azərbaycan bü gün azaddır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində müzəffər Silahlı Qüvvələrimiz tərəfindən parlaq qələbə əldə edildi. Bu möhtəşəm uğuru qalibiyyətin beynəlxalq hüquqi-normativ bazasının formalaşdırılması, informasiya blokadasının yarılması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, milli iqtisadiyyatın gücləndirilməsi, ordu quruculuğunda həyata keçirilən islahatlar, qəhrəman zabit və əsgərlərimizin şücaəti, ən əsası isə Ali Baş Komandanın qətiyyəti şərtləndirdi.
Dünyada böyük əks-səda doğuran İkinci Qarabağ müharibəsi Azərbaycanın öz müqəddəs torpaqlarını azad etməsi, Ermənistanın işğal siyasətinə son qoyulması ilə nəticələndi. Bu savaş İlham Əliyevin siyasətçi kimi müdrikliyini, Ali Baş Komandan kimi qətiyyətini nümayiş etdirdi. Tarixi Zəfər xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin təcəssümü oldu. 44 günlük savaş həm də Azərbaycanın siyasi-diplomatik uğurunun təntənəsi kimi tarixə düşdü. Müharibə günlərində Azərbaycanı öz yolundan döndərmək üçün xarici təzyiqlərə cəhd göstərildi. Lakin İlham Əliyev siyasi uzaqgörənliklə, diplomatik peşəkarlıqla həmin cəhdlərin qarşısını aldı. Prezident Ermənistanın işğal siyasətinin dəstəklənməsinə yönəlmiş bütün beynəlxalq təşəbbüslərə qətiyyətlə sinə gərdi, onların reallaşmasına imkan vermədi. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa etdi.
Hər bir azərbaycanlının qəlbində xüsusi yer tutan, qədim mədəniyyət beşiyi olan Şuşa 29 il çəkən işğal dövründə mənfur düşmənin vurduğu ziyanlara, törətdiyi dağıntılara baxmayaraq, özünün təkrarsız aurasını, milli ruhunu qoruyub saxladı.Sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbədən sonra əziz Şuşamızın yeni növrağı - qonaqlı-qaralı, çal-çağırlı günləri başlayıb. Hazırda Şuşada irimiqyaslı quruculuq işləri aparılmaqla yanaşı, həm də şəhərin tarixi ənənələri bərpa olunur, mədəni həyatı canlandırılır.
Ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərində Şuşanın inkişafı ilə bağlı böyük işlər görmüş və bütün bunlar Qarabağın Azərbaycan torpaqları olması barədə həqiqətləri dünyaya çatdıraraq erməni iddialarına böyük zərbə vurmuşdu. Ulu öndər Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. 1970-ci illərin ikinci yarısında Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşanın inkişafı məqsədilə bir neçə xüsusi qərar qəbul edilmişdi. Ümummilli lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdi ki, Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim uca tutan Prezident İlham Əliyev də Vətən savaşı zamanı müsahibələrinin birində “Şuşasız bizim işimiz yarımçıq olar” demişdi. Prezident İlham Əliyev bu vədini də yerinə yetirdi və xalqımızın tarixində, mədəniyyətində, qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini Şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində 28 ildən sonra yenidən öz doğmalarına qovuşdurdu.
Bu gün isə Prezident İlham Əliyev Şuşanı bərpa edir, yenidən qurur. Lakin bərpa olunan Şuşanın yalnız dağıdılmış, talan olunmuş tarixi görkəmi, binaları, küçələri deyil. Bərpa olunan həm də Şuşanın milli kimliyidir, tarix boyu daşıdığı mənəvi statusudur. İlham Əliyev Şuşanın həm də milli-mənəvi keçmişini özünə qaytarır. Bu gözəl Azərbaycan şəhərini nəinki Qarabağın, bütün regionun mədəni mərkəzinə çevirir. Prezident İlham Əliyev 7 may 2021-ci il tarixində Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı Sərəncam imzaladı. Həmin il mayın 12-13-də isə Şuşanın Cıdır düzündə dövlətimizin başçısının təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı keçirildi.
2021-ci ilin 15 iyunu Azərbaycan Respublikasının şanlı zəfər tarixinə xüsusi əhəmiyyəti olan bir gün kimi daxil oldu. Bu, ölkəmizin azadlığını, müstəqilliyini və dövlətimizin daimi, əbədiyaşar olduğunu bir daha sübut etdi. Həmin gün Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanan, özündə ictimai həyatımızın bir sıra aspektlərinə dair vacib məsələləri əks etdirən müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalandı. Bu bəyannamə Azərbaycanın müstəqilliyi dövründə iki qardaş respublika arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu. Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə dövlətlərimizin gələcək iş birliyinin istiqamətini göstərir.
Bu il dövlət müstəqilliyimiz günündə keçirilmiş “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında Prezident həmin günü nitqində xüsusilə vurğulamışdır: ” Keçən il iyunun 15-də - Milli Qurtuluş Günündə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Bu da çox əlamətdar hadisə idi. 15 iyun da bayram günüdür, 28 may da bayram günüdür. Biz bu bayram günlərini bir yerdə qeyd etdik və tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı.“
Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir. Bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Bu gün ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, dövlətimiz milli öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcəkdir.
Bu gün Prezident İlham Əliyev ümummilli liderimizin siyasi dəst-xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Bu yolla gedən Azərbaycan dayanmadan yüksəlir, inkişaf edir, nailiyyətlər əldə edir, uğurlar qazanır. Heydər Əliyev vaxtilə qətiyyətlə bəyan etmişdir ki: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”. Bu inam, bu qətiyyət Milli Qurtuluş Gününün mənasıdır.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Onun yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti ölkəmizi sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan gələcəkdə də dünyanın ən güclü dövlətlərindən biri kimi tanınacaqdır.
1993-cü ilin bu günlərinə nəzər salıb ölkəmizin, xalqımızın yaşadıqlarını ürəkağrısı ilə qeyd etsək də zəngin dövlətçilik tarixinə malik olan Azərbaycanın bu günü ilə qürur duyur, belə qüdrətli, zəngin dövlətin vətəndaşı olmağımızla fəxr edirik. Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi dövlətinin gələcəyini düşünüb möhkəm təməl formalaşdıran Ümummilli Lideri və bu təməl üzərində Azərbaycanı inkişaf etdirən, Zəfər tarixini yazan cənab İlham Əliyev kimi qalib Prezidenti var.
Ədibə İsmayılova
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının
Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini
Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı
“Xəqani 57” ərazi partiya təşkilatının sədri