close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Qəzənfər Paşayev” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

26-08-2022

Bu il görkəmli ədəbiyyatşünas, folklorçu, dilçi, yazıçı, publisist, mətnşünas və tərcüməçi, filologiya elmləri doktoru professor  Qəzənfər Paşayevin 85 illik yubileyi tamam olur.

Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında görkəmli yeri olan filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin çoxillik və çoxcəhətli fəaliyyətini səciyyələndirən əsas prinsiplər yüksək vətəndaşlıq mövqeyi ilə universal düşüncənin və profesionallığın vəhdətindən ibarətdir.

Yazdığı sanballı elmi əsərlərin bir çoxu elmdəki mühüm əhəmiyyəti ilə yanaşı, həm də böyük vətəndaşlıq borcunun ifadəsidir. Qəzənfər Paşayevin Azərbaycan aşıq sənətinə, İraqtürkman ədəbiyyatına, Kərkük ləhcəsinə həsr olunmuş əsərləri elmdə böyük mənəvi borcu necə yüksək səviyyədə, hansı ürəklə, təmannasız niyyətlə ciddi şəkildə və məsuliyyətlə yerinə yetirməyin mükəmməl örnəkləridir. Qəzənfər Paşayevin Azərbaycanla yanaşı Kərkük dolaylarından Hələbə, Təbrizə, Ərzu- Biblioqrafiya 15 ruma, Dərbəndə... qədər uzanan böyük coğrafiyanın ədəbiyyatına, folkloruna və tarixinə, ləhcəsinə dair qiymətli əsərləri onun elmi-ədəbi düşüncəsinin universallığına, genişliyinə və bütövlüyünə də nümunədir. Qəzənfər Paşayevin böyük mənada vətəndaşlığın və universal düşüncəsinin kamil ifadəsi olan əsərləri seçilmiş mövzuya dərin, əsaslandırılmış, professional elmi münasibətin də real göstəricilərindəndir.

Universal düşüncəyə, çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan Qəzənfər Paşayevin yarım əsrlik fəaliyyətində İraq-türkman mühiti, Kərkük dünyası ilə bağlı sanballı tədqiqatlar aparıcılıq təşkil edir. Haqlı olaraq onu “Kərkük sevdalı ədəbiyyatşünas”, “Kərkükün mənəvi səfiri” kimi dəyərləndirirlər.

Kərkük sözünün etimologiyasından tutmuş Kərkük ellərində yaşayan türkmanların mənşəyinə, tarixinə, soykökünə, dil-ləhcə xüsusiyyətlərinə, milli mənsubiyyətinə, əlaqələrinə, folkloruna, etnoqrafiyasına və yazılı ədəbiyyatlarına, coğrafiyasına qədər hər nə varsa, hamısı haqqında Qəzənfər Paşayevin əsərlərində dəqiq, elmi cəhətdən əsaslandırılmış və zəngin biliklər öz əksini tapmışdır. Bu qiymətli əsərlər möhtəşəm bir kərkükşünaslıq ensiklopediyasının elmi-məlumat bazasını təşkil edə bilər. Qəzənfər Paşayev həmin zəngin ədəbi-tarixi məlumatların, folklor nümunələrinin, etnoqrafik məlumatların bir çoxunu özü toplayıb, ilk dəfə elmi dövriyyəyə gətirmiş, həm də nəzəri cəhətdən dəyərləndirib qiymətləndirmişdir.

Professor Qəzənfər Paşayevin elmi əsərləri böyük ömrün, yaşanan taleyin, ciddi və ardıcıl axtarışların, fasiləsiz, davamlı ifadəsidir.

Qəzənfər Paşayevin anadan olmasının 85 illik yubileyi münasibətilə Milli Kitabxanasının əməkdaşları tərəfindən Qəzənfər Paşayev adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Qəzənfər Paşayevin müəllifi olduğu kitablar, fotolar, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qezenfer_Pasayev/index.htm istifadə edə bilərlər.