23-02-2024
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 21-24 fevral tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində Azərbaycan Mədəniyyəti Günləri keçirilir.
Fevralın 22-də mədəniyyət günləri çərçivəsində Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi keçirilib. Həmçinin görkəmli şərqşünas-alim, akademik Yevgeni Bertelsin ərəb dilinə tərcümə olunmuş “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı və “Üç dilin şairi – Məhəmməd Füzuli” adlı tədbir təşkil edilib.
Qətərin dövlət katibi, Qətər Milli Kitabxanasının prezidenti doktor Həməd bin Əbdüləziz əl-Kuvari çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Deyib ki, Qətərlə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. O, Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini mədəni əməkdaşlıq baxımından əlamətdar hadisə kimi səciyyələndirib, ölkəmizin nümayəndə heyətinə uğurlar arzulayıb.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxışında Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkilinə verdiyi dəstəyə görə bu ölkənin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Taniyə təşəkkürünü bildirib.
Qeyd olunub ki, ölkələrimizin rəhbərlərinin səmimi dostluq münasibətləri Azərbaycanla Qətər arasında müxtəlif sahələrdə əlaqələrin yüksək səviyyəyə çatmasında mühüm rol oynayıb. Siyasi-iqtisadi sahədə əməkdaşlıqda olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin inkişafı çalışmalıyıq. Hər iki ölkənin zəngin mədəniyyətinin qarşılıqlı olaraq təbliğinə töhfə verəcək layihələr həyata keçirilməlidir.
Nazir bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, bu il dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi qeyd edilir. Orta əsrlər Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rol oynamış Məhəmməd Füzuli öz əsərlərini Azərbaycan, ərəb və fars dillərində yazıb. Onun zəngin yaradıcılığı nəinki Azərbaycanda, bütün dünyada məşhurdur. Məhəmməd Füzulinin 530 illik yubileyinin ölkəmizdən kənarda ilk dəfə Qətər Milli Kitabxanasında keçirilməsi böyük əhəmiyyət kəsb edir, rəmzi məna daşıyır.
Nazir çıxışının sonunda Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkilində zəhməti keçən hər kəsə minnətdarlığını bildirib.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov çıxış edərək iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq haqqında məlumat verib. O, Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin kitabxana sahəsində də əlaqələrin dərinləşməsinə vəsilə olacağını deyib. Həmçinin akademik Yevgeni Bertelsin ərəb dilinə tərcümə olunmuş “Böyük Azərbaycan şairi Nizami” kitabı haqqında məlumat verilib. Deyilib ki, XII yüzillikdə yaşayıb-yaratmış Nizami Gəncəvi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir dühalardandır. Bildirilib ki, “Böyük Azərbaycan şairi Nizami” kitabı dünyanın bir sıra dillərinə tərcümə olunub. 1940-cı ildə yazılmış bu fundamental elmi əsərin ərəb dilinə tərcümə edilməsi böyük ərəb dünyasının dahi Azərbaycan şairi və mütəfəkkirini daha yaxından tanımasına öz töhfəsini verəcək.
Sonra böyük Azərbaycan şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunan videomaterial nümayiş etdirilib.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Məhəmməd Füzuli yaradıcılığının ideya-bədii xüsusiyyətləri haqqında söz açıb, onun türk-islam dünyasında ədəbi düşüncəyə təsirindən danışıb.
Daha sonra muğam triosunun ifasında musiqi nömrələri səsləndirilib. Gənc xanəndələrin təqdim etdiyi muğam və təsniflər alqışlarla qarşılanıb.
Sonda tədbir iştirakçıları “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” sərgisi ilə tanış olublar. Qonaqlar həmçinin milli şirniyyatlarımızın dadına baxıblar.