16-04-2021
Aprel ayının 16-da Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Serjan Abdıkarimov Milli Kitabxanada olub. Qonağı Milli Kitabxananın direktoru professor Kərim Tahirov qarşılayaraq onun Milli Kitabxanada olmasından məmnun olduğunu bildirmişdir. İki ölkə arasında olan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsindən, qarşılıqlı kitab mübadiləsinin əhəmiyyətindən söz açan direktor Azərbaycan Milli Kitabxanası ilə Qazaxıstan Milli Kitabxanaları arasında həyata keçirilən informasiya, təcrübə, kitab mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini söyləmişdir. Daha sonra Kərim Tahirov Milli Kitabxana haqqında, onun fəaliyyəti barədə qonağa ətraflı məlumat vermiş, kitabxananın beynəlxalq əlaqələrindən, kitabxanada həyata keçiriləcək yeni layihələrdən və tədbirlərdən danışmışdır. Prof. Kərim Tahirov bildirib ki, 2019-cu ildə Milli Kitabxanada açılışı olan “Beynəlxalq Əməkdaşlıq Zalı”nda 14 ölkənin tarixi, mədəniyyəti və incəsənətinə dair kitablardan ibarət daimi guşədə qazax ədəbiyyatı xüsusi yer tutur.
Sonra Qazaxıstanın Azərbaycandakı səfiri cənab Serjan Abdıkarimov Kərim Tahirova öz təşəkkürünü bildirmiş və Milli Kitabxanada olmasından məmnunluğunu ifadə etmişdir. Cənab səfir Azərbaycanı ikinci Qarabağ müharibəsindəki böyük qələbəsi münasibətilə təbrik etdi. Bu tarixi qələbənin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin diplomatik səyləri nəticəsində əldə olunduğunu xüsusilə vurğuladı.
Gələcək əməkdaşlıq barədə fikirlərini qeyd edən cənab səfir bildirib ki, iki ölkə arasında olan qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirmək, birgə layihələr və tədbirlər keçirmək əsas məqsədlərdən biridir. Bu əməkdaşlıq həmçinin kitabxanalarımız arasında da davam etdirilməlidir.
Daha sonra Kərim Tahirov qeyd etmişdir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana Heydər Əliyev Fondunun və onun vitse prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünya milli kitabxanalarında və muzeylərində mühafizə edilən Nizami Gəncəviyə məxsus qiymətli əlyazmaların rəqəmsal surətlərinin Milli Kitabxanaya gətirilməsi layihəsini “Nizami Gəncəvi İli” çərçivəsində də davam etdirir. Bu məqsədlə direktor Kərim Tahirov Qazaxıstanın Əlyazmalar İnstitutunda saxlanılan Nizami Gəncəviyə aid əlyazmaların rəqəmsal sürətlərinin Milli Kitabxanaya veriməsində cənab səfirin köməyini xahiş etdi. Cənab səfir bu məsələ ilə bağlı müvafiq müəssisə ilə əlaqə saxlayacağını və öz dəstəyini göstərəcəyini bildirdi.
Sonra cənab səfir görkəmli qazax şairi, mütəfəkkiri və ictimai-siyasi xadimi Oljas Süleymenovun elmi-ədəbi fəaliyyətinə həsr olunmuş “Oljas fenomeni”, “Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa”, Oljas Süleymanovun Azərbaycan dilinə tərcümə edilmiş “Türklər tarixdən əvvəl”, “Gil kitab” və “Sözün kodu” kitablarını, eləcə də böyük qazax şairi və yazıçısı Abay Kunanbayevin 175 illiyi münasibətilə hazırlanan suveniri Milli Kitabxanaya hədiyyə etdi. Prof.Kərim Tahirov cənab Serjan Abdıkarimovun Milli Kitabxanaya hədiyyə etdiyi qiymətli kitablara və hədiyyəyə görə dərin minnətdarlığını bildirdi və öz növbəsində “Ancient and Beautiful Karabakh” (ingilis və rus dillərində), “Magical Beauty Sheki” (ingilis və rus dillərində) adlı kitabları qonağa hədiyyə etdi.
Görüşün sonunda xatirə şəkli çəkilib.