close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Qarabağ abidələri” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olundu

09-10-2020

Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biridir. Qarabağ abidələri təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin “arxivi”, səhifələridir. Qarabağ abidələrinin bugünkü taleyinə gəldikdə XX əsrin sonlarında Ermənistanın törətdiyi pozuculuq fəaliyyəti, münaqişə və müharibə Azərbaycanın Qarabağ bölgəsində maddi mədəniyyət abidələrinin taleyini təhlükə altında qoydu. Müharibə ərəfəsində abidələrin qeydinə qalmağa imkan belə olmadı. Davam edən vandalizm Azərbaycanın əsrlərlə qoruyub saxladığı tarixi abidələrin çoxunu məhv etdi. Ulu əcdadlarımızın tarixi yaddaş rəmzi olan məşhur Xocalı qəbiristanlığını texnika vasitəsilə darmadağın etdilər. Məşhur Xocalı-Gədəbəy mədəniyyətinin qədim beşiyi olan Xocalı kurqanlarını yer üzündən sildilər. Şuşada Azərbaycan mütəfəkkirlərinin heykəllərini avtomat güllələri ilə deşik-deşik etdilər. Bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrildi.

Qarabağın tarixi abidələrinin darmadağın edilməsi isə mədəniyyət və mənəviyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi ağrılı-acılıdır.

Qarabağ abidələrinin tanıdılması məqsədilə Milli Kitabxana əməkdaşları tərəfindən “Qarabağ abidələri” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Qarabağ bölgəsinin qədim yaşayış məskənləri, xəritələr, fotolar, tarixi-memarlıq abidələri və onlar haqqında məlumatlar nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qarabag_abideleri/index.htm linkindən istifadə edə bilərlər.