close
icon E-kataloq və kitabxana

VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Qarabağa kitabla gedək” kitabtoplama kampaniyasına dəstək məqsədilə nəşriyyatlar tərəfindən kitab hədiyyə etmə mərasimi keçirilmişdir

08-10-2022

Oktyabrın 8-də Bakı Ekspo Mərkəzinin Üzeyir Hacıbəyli Təqdimat Zonasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi olan “Qarabağa kitabla gedək” kitabtoplama kampaniyasına dəstək məqsədilə nəşriyyatlar tərəfindən kitab hədiyyə etmə mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan ordusunun qazandığı böyük zəfərdən danışmışdır. O, bildirmişdir ki, qazanılan tarixi qələbə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazıldı. Kərim Tahirov qeyd etmişdir ki, bütün işğaldan azad olunan rayonlarda qalan 975 kitabxanamızın hamısının binaları tamamilə dağıdılaraq yerlə yeksan olunmuş, onların 4,6 milyon nüsxədən artıq qiymətli kitab fondları isə talan olunaraq yandırılmışdır.

Hörmətli Prezidentimiz cənab İlham Əliyevin işğaldan azad olunan rayonlara – Füzuliyə və Cəbrayıla, Qubadlıya və Zəngilana, Ağdama səfərləri zamanı erməni işğalçıları tərəfindən tamamilə dağıdılmış evləri və binaları göstərərək dediyi “... biz bunların hamısını bərpa edəcəyik” çağırışına qoşulan Mədəniyyət Nazirliyi və Milli Kitabxana dirçəlməkdə olan işğaldan azad olunmuş ərazilərimizdə bərpa olunacaq kitabxanalar üçün 2021-ci ilin 15 yanvarından kitabtoplama kampaniyasına başlamışdır. 

Direktor vurğulamışdır ki, bu layihəyə ilk qoşulan hörmətli ziyalımız Xalq yazıçısı Elçin olmuşdur. O, öz şəxsi kitabxanasından ilkin olaraq 500-ə yaxın kitabı bu məqsədlə kitabxanaya təqdim etmişdir. Daha sonra layihəyə xeyli sayda ziyalılarımız, yazıçı və şairlərimiz, nəşriyyatlarımız və bütün ölkə vətəndaşları qoşulmuşdur. Natiq ötən sərgidə təxminən 12 min nüsxə kitab toplandığını, hazırda bu fondda 102 min nüsxədən çox ədəbiyyat olduğunu qeyd etmişdir.  

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli çıxışında Qarabağda dağıdılmış kitabxanaların və digər mədəniyyət müəssisələrinin bərpasının nazirliyin qarşısında duran əsas vəzifələrdən biri olduğunu söyləmiş, hər kəsi bu missiyaya qoşulmağa dəvət etmişdir.

Albaniyanın “Fan Noli” nəşriyyat evinin direktoru Rexhep Hida çıxış edərək belə gözəl ideya üçün öz təşəkkürünü bildirmiş və kampaniyaya kitablar hədiyyə etmişdir.

TÜRKSOY təşkilatının Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı layihəni dəstəklədiklərini bildirmiş və kampaniyaya 100-dən çox kitab hədiyyə etmişdir. Həmçinin dekabr ayında İstanbulda keçiriləcək beynəlxalq sərgidə Türkiyə nəşriyyatlarından çoxlu sayda ədəbiyyatların da toplanılması üçün bu layihəni orada davam etdirməyi təklif etmişdir. 

İrs, Vektor, Apostrof, Çapar, İdeal Print, Alatoran, Mimfa və digər respublika nəşriyyatları da öz nəşrlərini Qarabağ fonduna hədiyyə etmişlər. 

Son olaraq Kərim Tahirov bütün Azərbaycan xalqını, ziyalıları, müəllifləri, naşirləri bu humanitar aksiyaya qoşulmağa, kampaniyada iştiraka səsləmişdir.

icon

Foto qalereya