10-10-2021
Oktyabrın 10-da Ekspo Mərkəzinin təqdimat zonasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi “Qarabağa kitabla gedək” adlı kitabtoplama layihəsinin təqdimatı keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan ordusunun qazandığı böyük Qələbədən danışıb. O, bildirib ki, qazanılan tarixi Qələbə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazıldı. Kərim Tahirov qeyd edib ki, bütün işğaldan azad olunan rayonlarda qalan 975 kitabxanamızın hamısının binaları tamamilə dağıdılaraq yerlə yeksan olunmuş, onların 4,6 milyon nüsxədən artıq qiymətli kitab fondları isə talan olunaraq yandırılmışdır.
Hörmətli Prezidentimiz cənab İlham Əliyevin işğaldan azad olunan rayonlara – Füzuliyə və Cəbrayıla, Qubadlıya və Zəngilana, Ağdama səfərləri zamanı erməni işğalçıları tərəfindən tamamilə dağıdılmış evləri və binaları göstərərək dediyi “... biz bunların hamısını bərpa edəcəyik” çağırışına qoşulan Mədəniyyət Nazirliyi və Milli Kitabxana dirçəlməkdə olan işğaldan azad olunmuş ərazilərimizdə bərpa olunacaq kitabxanalar üçün kitab toplama kampaniyasına başlamışdır.
Bu layihəyə ilk qoşulan hörmətli ziyalımız, Xalq yazıçısı Elçin olmuşdur. O, öz şəxsi kitabxanasından ilkin olaraq 500-ə yaxın kitabı bu məqsədlə kitabxanaya təqdim etmişdir. Daha sonra layihəyə xeyli sayda ziyalılarımız, yazıçı və şairlərimiz, nəşriyyatlarımız və bütün ölkə vətəndaşları qoşulmuşdur. Direktor onu da qeyd edib ki, Milli Kitabxananın saytında layihə haqqında məlumatlar əks olunub.
Son olaraq Kərim Tahirov bütün Azərbaycan xalqını, ziyalıları, müəllifləri, naşirləri bu kampaniyada iştiraka səsləmişdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Marifli çıxış edərək bütün sərgi iştirakçılarına fəal iştiraklarına görə öz təşəkkürünü bildirib. O, qeyd edib ki, Mədəniyyət Nazirliyi Milli Kitabxana ilə birlikdə ilin əvvəlində “Qarabağa kitabla gedək” layihəsinə start verib. Hazırda bu aksiya çərçivəsində 55 482 kitab toplanılıb. Bu gün biz Qarabağa həm mədəniyyətimizi, həm də ədəbiyyatımızı qaytarırıq. O, bir daha bütün nəşriyyatlara, müəlliflərə üz tutaraq bu kampaniyada fəal iştiraka səsləyib.
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində bir sıra nəşriyyatlar – Teas Press, Parlaq imzalar, İpək yolu, Qədim Qala, Mimika yayımları, Renesans, Köhlən, Təhsil, Altun kitab və s. bu layihəyə öz nəşrlərini təqdim ediblər.
Sonra İpəkyolu nəşriyyatından Ramiz Məmmədov çıxış edərək belə gözəl ideya üçün Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya öz təşəkkürünü bildirib. O, qeyd edib ki, kitab bir işıqdır, mədəniyyətdir. Mədəniyyətimizi Qarabağa geri qaytarmaq hamımızın borcudur.
BDU-nun elmi kitabxanasından Nigar İsmayılova çıxış edərək ilk öncə layihənin təşkilinə görə öz təşəkkürünü Mədəniyyət Nazirliyi və Milli Kitabxanaya çatdırıb. O, qeyd edib ki, Bakı Dövlət Universitetinin, eləcə də onun kitabxanasının bir əsr tarixi var. Biz də elmi kitabxana olaraq bu layihəyə ilkin olaraq 1000-ə yaxın ədəbiyyat bağışlamışıq. Tezliklə kitabxananın mübadilə fondundan yenidən kitabları bu məqsədlə Milli Kitabxanaya təqdim edəcəyik.
Sonda VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ən yaxşı ekpozisiya nöminasiyası üzrə Azərbaycan Milli Kitabxanası qalib seçilmiş və kitabxananın direktoru Kərim Tahirova xüsusi serifikat təqdim edilmişdir.