close
icon E-kataloq və kitabxana

Oktyabrın 19-u Milli Kitabxanada Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi və İLESAM təşkilatı tərəfindən toplanaraq Azərbaycana gətirilmiş türk dilində on beş min kitabın təqdimat mərasimi keçirilmişdir

19-10-2018

Oktyabrın 19-u Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, İLESAM təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi və İLESAM təşkilatı tərəfindən toplanaraq Azərbaycana gətirilən və Azərbaycan kitabxanalarına hədiyyə edilən kitabların təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru prof Kərim Tahirov açaraq qonaqları salamlamış, bu mötəbər aksiyaya görə təşkilatçılara öz dərin təşəkkürünü bildirmişdir. Prof. Kərim Tahirov çıxışında Azərbaycana gətirilmiş on beş min kitabın 2000 nüsxəsinin Milli Kitabxanaya hədiyyə edildiyini bildirmiş və çox az bir qisminin burada sərgiləndiyini söyləmişdir. Professor çıxışında Milli Kitabxana oxucuları ilə yanaşı ölkəmizin digər şəhər və rayon kitabxanalarının oxucularının da bu kitablardan faydalana biləcəyini bildirmişdir.

Daha sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək təşkil edilmiş bu humanitar aksiyaya görə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinə, Türkiyənin Azərbaycandakı Səfirliyinə, İLESAM təşkilatının prezidenti Nuri Mehmet Parmaksıza minnətdarlığını bildirmiş və çıxışında bü cür tədbirlərin qarşılıqlı və davamlı olacağını vurğulamışdır. Cənab Vaqif Əliyev çıxışında ümummilli liderimiz Heydər Əliyevin bir millət iki dövlət  kəlamını xüsusi vurğulayaraq iki ölkə arasındakı həm mədəni, həm də ədəbi əlaqələrin daha da inkişaf edəcəyini və əbədi olacağını söyləmişdir.  Vaqif Əliyev çıxışında bu kitabların respublikanın digər şəhər və rayon kitabxanalarına da təqdim ediləcəyini və gənclərimizin, tələbələrimizin, tədqiqatçılarımızın gələcək inkişafında öz töhfəsini verəcəyini bildirmişdir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək türk dünyasının maddi və mədəni irsinin zənginliyindən, bu irsin qorunub, öyrənilməsindən, türkdilli xalqların qədim şifahi və yazılı ədəbiyyat nümunələri, folkloru, adət-ənənələrindən danışıb. O çıxışında bu gün təqdimatı keçirilən on beş min kitabın kitabxanalara paylanmasının mətəbər addım olduğunu qeyd etmiş və bu cür layihələrin davamlı olmasını arzulamışdır. Tədbirdə Günay Əfəndiyevaya göstərdiyi xidmətlərinə görə İLESAM təşkilatının prezidenti tərəfindən medal təqdim edildi.  

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin Mədəniyyət müşaviri Dr. İrfan Çiftçi səfirlik adından  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya və tədbir iştirakçılarına təşəkkürünü bildirmiş, çıxışında iki qardaş xalqın eyni tarixi, mədəni köklərə malik olduğunu vurğulamışdır.

Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) prezidenti, şair Nuri Mehmet Parmaksız çıxış edərək qardaş ölkələr arasındakı ədəbi əlaqələrdən – Azərbaycan ədəbiyyatının Türkiyədə, türk ədəbiyyatının Azərbaycanda təbliği istiqamətində görülən böyük işlərdən və Azərbaycan yazıçılarının əsərlərinin türk dilinə tərcümə edilərək türk ictimaiyyətində tanıdılmasından danışmışdır.

ADPU-nun Türk Mədəniyyəti Mərkəzinin rəhbəri Prof. Elman Quliyev, BDU-nun Türkologiya kafedrasının müdiri  Prof. Ramiz Əskər, Yunis Əmrə İnstitutunun müdiri Dr. Cihan Özdemir, İLESAM-Azərbaycan təşkilatının başkanı, Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza çıxış etmişlər.

Tədbirdə İLESAM təşkilatının Türkiyədən dəvət olunmuş üzvləri və TRT-nin solisti Mehmet Özkaya və onun xor qrupu da iştirak etmişdir.