close
icon E-kataloq və kitabxana

Milli Kitabxana VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Nizami Gəncəvi. Biblioqrafiya” kitabının və “Sözləri Nizaminindir” adlı CD disk albomunun təqdimatını keçirib

08-10-2021

Oktyabrın 8-də Ekspo Mərkəzinin təqdimat zonasında Mədəniyyət Nazirliyi və Mili Kitabxana birlikdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə yeni nəşr etdirdikləri  “Nizami Gəncəvi. Biblioqrafiya” kitabının və “Sözləri Nizaminindir” adlı CD disk albomunun təqdimatını keçirib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək ilk öncə VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı ilə bağlı iştirakçıları təbrik edib. O, açılış mərasimində cənab Nazir Anar Kərimovun çıxışına istinad edərək bildirib ki, neçə illərdir ölkəmizdə  kitab sərgiləri keçirilir, artıq bu ənənə halını alıb. Bu ilki sərginin ən önəmli cəhətlərindən biri Respublika Prezidentinin  Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq, sərgi-yarmarkanın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmasıdır.

O, bildirib ki, bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, dünya mədəniyyətinin və xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Nizami Gəncəvi dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir.

Direktor vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxana “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Nizami Gəncəvi. Biblioqrafiya” kitabını və “Sözləri Nizaminindir” adlı CD disk albomunu hazırlayıb. O, vurğulayıb ki, bu nəşrlər Nizami ilinə və böyük şairin tədqiqatçılarına Milli Kitabxananın bir töhfəsidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Marifli çıxış edərək bildirib ki, bu təqdimat mərasimi kitab sərgisinin əsas qayəsinin təşkil edir. Belə ki, Nizami Gəncəviyə həsr olunan kitab sərgisində belə nəşrlərin olması xüsusi əhəmiyyət daşıyan amillərdəndir. O, bildirib ki, “Nizami Gəncəvi. Biblioqrafiya” kitabı və “Sözləri Nizaminindir” adlı CD disk albomu Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanıb. Bu kitab bütün tədqiqatçı alimlərə öz araşdırmalarında köməklik göstərəcək, onların stolüstü kitablarına çevriləcəkdir.

AMEA-nın Əlyazmalar İnstitutunun elmi katibi dosent Əzizağa Nəcəfov çıxış edərək vurğulayıb ki, Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Nizami Gəncəvi. Biblioqrafiya” kitabı bütün nizamişünaslara, tədqiqatçı alimlərə bir hədiyyədir.

Türkiyə Kitabxanalar və Yayımlar baş idarəsinin müdir müavini Taner Beyoğlu çıxış edərək bildirib ki, bu il Azərbaycanda Nizami Gəncəvinin anadan olmasının 880 illik münasibətilə “Nizami Gəncəvi ili”, Türkiyədə isə Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə “Yunus Əmrə ili” elan olunmuşdur. Hər iki şair türk millətinin, türk dünyasının görkəmli şəxslərindəndir. XII əsrdə yaşamış Nizami, XIII əsrdə yaşamış Yunus Əmrə yaradıcığında ortaq cəhətlər vardır. Belə ki, hər iki şairin yaradıcılığında tanrıya dərin məhəbbət, insan sevgisi, eləcə də kamil insan mövzusu mühüm əhəmiyyət kəsb edir.

Tədbirin davamında Milli Kitabxananın dəvəti ilə gələn Rusiya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan kitabxanalarının rəhbərləri çıxış ediblər. Bolqarıstan Milli Kitabxanasının direktoru Krasmira  Aleksandrovna direktor Kərim Tahirova öz nəşrlərinin elektron formasını hədiyyə edib.

Tədbirin sonunda qonaqlarla xatirə şəkili çəkdirilib.

icon

Foto qalereya