10-01-2023
Yanvarın 10-da Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Böyük Azərbaycan şairi Nizami Gəncəvinin qəzəllərinin yer aldığı ilk əlyazma olduğu ehtimal edilən “Şeirlər məcmuəsi”nin (Tehran, 1295-ci il) Milli Kitabxana tərəfindən əldə olunmuş digital variantının və Milli Kitabxananın fondu üçün nəşr olunan nüsxəsinin, habelə tərtibat baxımından unikal hesab olunan Nizaminin “Xosrov və Şirin” poemasının və digər əlyazmalarının (cəmi 156 əlyazma) təqdimat mərasimi keçirilib.
Tədbirdə Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatındakı rolundan, ötən tarixi dövr ərzində onun əlyazmalarının, həmçinin xalqımızın milli sərvətlərinin xarici ölkələrə aparılmasından, həmin əlyazmaların dünyanın ən məşhur kitabxana və muzeylərində nümayiş olunmasından, kitabxananın Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsindən, bu layihə çərçivəsində dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan Azərbaycan klassiklərinin əlyazmalarının digital nüsxələrinin Milli Kitabxanaya gətirilməsindən bəhs edilib.
Təqdimat mərasimində qeyd edilib ki, Prezident İlham Əliyevin sərəncamı əsasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar dahi şairin 156 nadir əlyazmasının digital (elektron) nüsxələrinin Milli Kitabxanaya gətirilməsi təmin olunub və bu iş gələcəkdə də davam etdiriləcək.
Təqdimatda AMEA-nın Əlyazmalar İnstitutu ilə birgə müştərək komissiyanın yaradılması layihəsindən, bu layihə əsasında yeni əlyazmaların araşdırılaraq üzə çıxarılması və nəşr olunmasından danışılıb. Mərasimdə vurğulanıb ki, son bir il ərzində araşdırma nəticəsində əldə edilən əlyazmalar arasında dahi Nizaminin şeirlərinin yer aldığı 1295-ci ildə köçürülən, şairin ən qədim əlyazması olduğu ehtimal edilən nüsxə ilə yanaşı, 1312-ci ildə köçürülmüş ən qədim “Xəmsə” əlyazması da aşkar olunub və əlyazmaların 30 nüsxəsi hər biri 1 nüsxə olmaqla çap olunaraq Milli Kitabxananın “Nadir kitablar fondu”na daxil edilib.
Tədbir zamanı iştirakçılara “Nizami Gəncəvinin əlyazmaları dünya kitabxanalarında” adlı Elektron məlumat bazası da təqdim olunub.
Təqdimat mərasiminin davamında Nizami yaradıcılığından, onun Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, təqdim olunan əlyazmaların ədəbiyyatşünaslar üçün böyük əhəmiyyətindən, Milli Kitabxananın bu istiqamətdə həyata keçirdiyi işlərdən danışılıb.
Tədbir iştirakçıları sonda Milli Kitabxananın fondu üçün nəşr olunan Nizami əlyazmalarının sərgisi ilə tanış olublar.