18-03-2018
18 mart tarixində VI Qlobal Bakı formu çərçivəsində Kitab və mütaliə mövzusunda Beynəlxalq dəyirmi masa keçirilmişdir. Dəyirmi masanı Bakı formun həmsədri İsgəndəriyyə kitabxanasının direktoru doktor İsmayıl Siragəldin açmışdır. O, forurmda müzakirə olunan məsələlərdən söhbət açaraq onların hamısının bilavasitə kitab və mütaliə ilə bağlı olduğunu, ona görə də bu məsələyə ayrıca bir panelin həsr olunduğunu qeyd etmişdir. Bu paneldə ictimai-siyasi xadimlərlə yanaşı kitabxana işçilərinin, İKT mütəxəssislərinin iştirak etməsinin daha vacib olduğunu söyləmişdir. Dəyirmi masada Kitab və milli inkişaf, Kitab və mədəni irsimizi qoruyub saxlayaq, Kitablar, təhsil və media ədəbiyyat mövzularında çıxışlar və müzakirələr olmuşdur. Tədbirdə Makedoniya Respublikasının prezidenti George İvanov, Rumıniya Baş Nazirinin müavini Ana Birçal, Latviya Respublikasının sabiq prezidenti Vaira Vike-Freiberqa, Xorvatiya Respublikasının sabiq prezidenti İvo Yosipoviç, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov və başqa kitabxana nümayəndələri iştirak etmişlər. Kərim Tahirov çıxış edərək qonaqları salamlamış, keçirilən tədbirin əhəmiyyətindən danışmışdır. Professor həmçinin Açıq Kitabxana lahiyəsindən danışmış və lahiyəni təqdim etmək üçün sözü Milli Kitabxananın direktor müavini Ədibə İsmayılovaya vermişdir. Direktor müavini Açıq Kitabxana layihəsini təqdim etmişdir. Qonaqlar Açıq Kitabxana layihəsini alqışlamışlar və onunla bilavasitə yerində tanış olmağı arzulamışlar. Kitabxananın direktoru qonaqları Milli Kitabxanaya dəvət etmişdir.