close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Biblioqrafiyaşünas alim – Nadir İsmayılov” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

16-12-2021

Dəyərli ziyalı Nadir İsmayılov 1956-cı il fevral ayının 5-də Beyləqan rayonunun Əmirzeyidli kəndində anadan olub. 1973-cü ildə Şahsevən kənd 1 saylı orta məktəbi bitirərək 1974-cü ildə BDU-nun Kitabxanaşünaslıq-biblioqrafiya fakültəsinə daxil olub, əla qiymətlərlə oxuduğuna görə C.Cabbarlı adına təqaüdə layiq görülüb, 1979-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1979-cu ilin sentyabr ayının 5-dən dekabr ayının 30-dək M.F.Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasının (indiki Azərbaycan Milli Kitabxanası) Elmi-metodiki şöbəsində böyük kitabxanaçı vəzifəsində çalışıb. 1979-1982-ci illərdə BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının əyani aspirantı olub.

3 monoqrafiya, 9 kitab, 100-dən çox məqalənin müəllifidir. Bunlardan “Xəzər dənizi və neft”, “Biblioqrafik tərtibatın metodikası”, “Kitabxanada ölkəşünaslıq üzrə biblioqrafik fəaliyyətin təşkili”, “Heydər Əliyev və Azərbaycan elmi”, “Kitabxanalarda biblioqrafik işin təşkili və metodikası” adlı kitablar xüsusilə əhəmiyyətlidir. Zəhmətkeş alimin gərgin və yorulmaz əməyi və müfəssəl araşdırmaları nəticəsində “Azərbaycan Respublikasında kitabxana-biblioqrafiya və informasiya resursları: formalaşması, müasir vəziyyəti və təkmilləşdirilməsi yolları” adlı elmlər doktorluğu dissertasiyası üzrə işlər tamamlanıb.

Əməksevər və zəhmətkeş alim həyatının 30 ildən çoxunu kitabxanaşünaslıq-biblioqrafiya elminin inkişafına, çiçəklənməsinə həsr edərək, təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınmış biblioqraf alim kimi şöhrət qazanıb. Əsas tədqiqat sahəsi Azərbaycanın kitabxana-biblioqrafiya resursları, onların yerləşməsi və istifadəsi məsələləri, Azərbaycan biblioqrafiyasının tarixi, nəzəri-metodiki və təşkilati problemləri olan alim ilk dəfə olaraq Azərbaycanda biblioqrafiyanın biblioqrafiyası sahəsində çox mühüm tədqiqatlar apararaq, 2003-cü ildə “Azərbaycan biblioqrafiyasının biblioqrafiyası” adlı sanballı biblioqrafik əsər çap edib. Bundan başqa, Azərbaycan Milli Kitabxanasının “Birillik Azərbaycan Kitabiyyatı” biblioqrafik göstəricisinin redaktoru, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun 2013-cü ildə nəşr etdirdiyi “Mirzə Fətəli Axundzadə” elmi biblioqrafik göstəricisinin tərtibçisi, “Azərbaycan Xalq Cümhuriyyəti-100: elmi-biblioqrafiya” adlı biblioqrafik göstəricinin tərtibçi-müəllifi olub.

Çox az alimlərimizin nəşrləri beynəlxalq miqyasda dünyanın akademik nəşriyyatları tərəfindən çap olunur. 2013-cü ildə Almaniyanın “Lambert” akademik nəşriyyatında “Azərbaycanın kitabxana-biblioqrafiya və informasiya resursları: inkişaf mərhələləri, vəziyyəti və təkmilləşdirilməsi yolları” adlı monoqrafiyanın (rus dilində) çap olunması Nadir müəllimin Azərbaycan biblioqrafiyaşünaslığının inkişafı və dünyaya tanıdılması sahəsində göstərdiyi böyük xidmətlərdəndir.

Milli Kitabxananın əməkdaşları tərəfindən dəyərli biblioqrafiyaşünas alimin həyat və fəaliyyətinə həsr olunmuş “Biblioqrafiyaşünas alim – Nadir İsmayılov” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Nadir müəllimin müəllifi, tərtibçisi olduğu, rəy verdiyi kitablar, eləcə də dövri mətbuat səhifələrində dərc olunan məqalələri, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Nadir_%C4%B0smayilov/index.htm linkindən istifadə edə bilərlər.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları biblioqrafiyaşünas alim Nadir İsmayılova elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayır.