close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Müasir Azərbaycan Musiqisinin Banisi: Üzeyir Hacıbəyli” adlı Elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

20-09-2022

18 Sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu gün Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə bu gün ölkə miqyasında keçirilir.

Üzeyir Hacıbəyov müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu olmuş, milli bəstəkarlıq məktəbinin təməlini qoymuşdur. O, Azərbaycan milli operasının, eləcə də Şərqdə ilk operanın banisidir. O, eyni zamanda, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim olmuşdur.

Üzeyir Hacıbəyov öz sənətində Azərbaycan xalq musiqisinin bütün janrlarının – mahnıların, rəqslərin, aşıq yaradıcılığının və professional muğam sənətinin üslub xüsusiyyətlərini birləşdirərək özünün orijinal üslubunu yarada bilmişdir.

Bu il ölkəmizdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçirilir. Həmin festivalın proqramına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Müasir Azərbaycan Musiqisinin Banisi: Üzeyir Hacıbəyli” adlı Elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası “Rəsmi sənədlər”; “Həyat və yaradıcılığı”; “Həyat və yaradıcılığının əsas tarixləri”; “Görkəmli şəxslər Üzeyir Hacıbəyli haqqında”; “Əsərləri”; “Haqqında”; “Xatirəsinin əbədiləşdirilməsi”; “Mükafatlar”; “Fotoqalereya”; “Filmoqrafiya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/uhacibeyli/index.html linkindən istifadə edə bilərlər.