close
icon E-kataloq və kitabxana

Nəsimi irsinin görkəmli alman tədqiqatçısı Mixael Reyhard Hess Milli Kitabxanada qonaq olub

05-11-2021

Noyabr ayının 5-də Nəsimi irsinin görkəmli alman tədqiqatçısı Mixael Reyhard Hess Milli Kitabxanada qonaq olub. Qonağı Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qəbul edərək onun Milli Kitabxanada olmasından məmnun olduğunu bildirib. Direktor Mixael Reyhard Hesslə ilk tanışlığından danışıb: İlk dəfə Frankfurt Beynəlxalq Kitab sərgisi zamanı Mixael Reyhard Hessin görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəlini Azərbaycan dilində söyləməsi mənim diqqətimi çəkdi. Direktor qəzəlin onun ifasında necə axıcı, gözəl səslənməsini xüsusi ilə qeyd edib.

Daha sonra çıxış edən Mixael Reyhard Hess Milli Kitabxanada, belə bir kitab məbədində olmasından şad olduğunu bildirib. O, qeyd edib ki, elmi fəaliyyəti zamanı bir çox Azərbaycan yazıçı və şairlərinin əsərlərini tədqiq edib. Lakin İmadəddin Nəsimi yaradıcılığı, onun əsərlərinin dilinin axıcılığı, ahəngi, ritmi, rəngarəngliyi məni özünə daha çox cəlb edib. Sonra qonaq kitabları haqqında K.Tahirova məlumat verərək 2020-ci ildə Qarabağa, Şuşaya aid nəşr edilən kitablarından danışıb. M.Hessin sözünə istinad edən Kərim Tahirov Milli Kitabxananın Zəfər Günü, Şuşa şəhərinin erməni işğalından azad olunması ilə əlaqədar “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı: Biblioqrafiya” kitabını hazırlayaraq çap etdirdiyini bildirib. Direktor qeyd edib ki, Azərbaycan Milli Kitabxanasının hazırladığı “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafiya Şuşaya həsr olunmuş ilk fundamental biblioqrafiyadır. Və Kərim Tahirov həmin kitabı Mixael Hessə hədiyyə edib. M.Hess hədiyyəyə görə təşəkkürünü bildirərək müəllifi olduğu “Building the Eternal Country”, “Uiguren in Kasachstan”, “Profitabe Dying” və “Blatter Aus Dem Rosengarten” adlı kitabları direktor Kərim Tahirova bağışlayıb.

Sonra Kərim Tahirov bildirib ki, işğaldan azad olunan rayonlarımızdakı 975 kitabxanamızın hamısının binaları erməni qəsbkarları tərəfindən tamamilə dağıdılaraq yerlə yeksan olunmuş, onların 4,6 milyon nüsxədən artıq qiymətli kitab fondları isə talan olunaraq yandırılmışdır. Onu da qeyd edib ki, Milli Kitabxana olaraq bütün bu vəhşiliklər barədə məlumatları YUNESKO-ya, eləcə də beynəlxalq miqyasda ən nüfuzlu kitabxana təşkilatı olan İFLA-ya təqdim etmişik. O, İFLA-nın Prezidenti Kristina Makenzinin cavab məktubunda bu vəhşilikləri qınadığı barədə məlumatı qonağa bildirib. Daha sonra o, ilin əvvəlində Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə “Qarabağa Kitabla Gedək” adlı kitabtoplama kampaniyasına start verdiyini qeyd edib.

Sonda prof. Kərim Tahirov cənab M.Hessə Milli Kitabxanaya hədiyyə etdiyi qiymətli kitablara görə dərin minnətdarlığını bildirdi və “Nizami Gəncəvi – 880. Biblioqrafiya”, “Azərbaycan Milli Kitabxanası. Fotoalbom”, “Salam Azerbaijan”, “Ancient and Beautiful Karabakh” (Azərbaycan və rus dillərində), “Magical Beauty Sheki” (Azərbaycan və rus dillərində) adlı kitabları da qonağa hədiyyə etdi.

Görüşün sonunda xatirə şəkli çəkilib.

icon

Foto qalereya