close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Misir Mərdanov – 75” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

03-10-2021

Oktyabrın 3-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, “Əməkdar elm xadimi”, “Şöhrət” ordenli, professor Misir Mərdanovun 75 illik yubileyi tamam olur.

Misir Mərdanov Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 1998- ci ildə yaradılan “Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası”nın sədri kimi, Azərbaycan təhsil tarixində ilk dəfə olaraq “Azərbaycan Respublikasının təhsili sahəsində islahat proqramı”nın hazırlanmasına bilavasitə rəhbərlik etmiş, onun rəhbərliyi altında “Milli Kurikulum-Milli Təhsil Konsepsiyası” sənədi hazırlanmışdır.

M.Mərdanov Azərbaycanda təhsilin tarixinə, təhsil siyasətinin əsas istiqamətlərinə dair sanbalı əsərlərin, “Azərbaycan riyaziyyatçıları” adlı fundamental monoqrafiyanın, ali məktəblər üçün “Ali riyaziyyat” dərsliyinin, “Azərbaycanın təhsil siyasəti”, “Azərbaycan təhsili müstəqillik illərində” kitablarının müəllifidir.

Görkəmli alimin 75 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Misir Mərdanov – 75” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, Misir müəllimin müəllifi olduğu kitablar, haqqında yazılan məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Misir_Merdanov_75/index.htm linkindən istifadə edə bilərlər.

Azərbaycan Milli Kitabxanasının kollektivi professor Misir Mərdanovu yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayır.