close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Mirzə İbrahimov – 110” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

28-10-2021

Oktyabrın 28-də Xalq yazıçısı, dramaturq, ictimai xadim Mirzə İbrahimovun 110 illik yubileyi tamam olur.

Dünya ədəbiyyatı klassiklərinin əsərlərini ana dilimizə çevirmiş Xalq Yazıçısı Mirzə İbrahimovun bu günədək aktuallığını itirməyən kitabları müxtəlif dillərə tərcümə olunaraq keçmiş Sovet İttifaqının hüdudlarından kənarda da oxunub, əsərləri əsasında bədii və sənədli filmlər çəkilib. O, həm də görkəmli ictimai xadim idi. Ən böyük amalı xalqına xidmət etmək olan M.İbrahimov çoxşaxəli fəaliyyəti dövründə ana dilimizin saflığı uğrunda dönmədən mübarizə aparıb.

Mirzə İbrahimov hekayə, povest və romanlarla yanaşı, səhnə əsərlərini də qələmə alıb, “Həyat”, “Madrid”, “Məhəbbət”, “Kəndçi qızı”, “Yaxşı adam”, “Közərən ocaqlar” pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirib.

Dövrünün milli ruhlu şəxsiyyəti olan ədibin əsərlərində doğulduğu torpağa, el-obaya, klassik ədəbi irsimizə, folklor qaynaqlarımıza, bütövlükdə Azərbaycan mədəniyyətinə dərin məhəbbət, soy-kökünə, milli adət-ənənələrimizə sıx bağlılıq var. 

Görkəmli yazıçının 110 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Mirzə İbrahimov – 110”  adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Mirzə İbrahimov haqqında rəsmi sənəd, onun mükafatları, fotoları, müəllifi olduğu kitablar, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Mirze_%C4%B0brahimov_110/index.htm linkindən istifadə edə bilərlər.