close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərginin təqdimatı keçirilib

20-11-2021

Noyabrın 20-də Milli Kitabxanada Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxana birgə Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərginin təqdimatını keçirib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildiririb ki, Nizami Gəncəvinin yaradıcılığı bütün türk dünyasının, bütövlükdə bəşəriyyətin sərvətidir. O, qeyd edib ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunmasına dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təkcə Azərbaycan üçün deyil, türk, Şərq və dünya ədəbiyyatı ilə bağlı mühüm hadisədir. Direktor vurğulayıb ki, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının görkəmli şəxslərinin yubileylərinin keçirilməsi artıq ənənə halını alıb və   hələ sovetlər dövründə Ulu Öndər Heydər Əliyevin Nizami Gəncəvinin 840 illik yubileyinin keçirilməsinə nail olması nizamişünaslıqda əsaslı dönüş yaratmışdır.

O, vurğulayıb ki, 15-25 noyabr tarixlərində respublikamızda Nizami Gəncəvi Beynəlxalq Festivalı keçirilir, həmin festival proqramı çərçivəsində biz bu gün Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərginin təqdimatına yığışmışıq və burada nümayiş olunan miniatürlərin bir hissəsi ilk dəfə geniş ictimaiyyətə təqdim olunur. Bu minatürlərin  Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə həyata keçirdiyi “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində “Nizami Gəncəvi ili” ilə əlaqədar olaraq Azərbaycana gətirilən  dahi şairin dünya milli kitabxanalarında saxlanılan 150-dən artıq qədim əlyazmalarının rəqəmsal nüsxələrindən seçilmişdir.

Giriş sözü ilə çıxış edən Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli bildirib ki, “Nizami Gəncəvi ili” ilə bağlı istər ölkə daxilində, istərsə də dünya miqyasında çoxsaylı silsilə tədbirlər keçirilir. O, bir neçə gün öncə Türkiyənin Bursa şəhərində Nizami Gəncəviyə həsr olunan tədbir barədə bəhs edərək bildirib ki, miniatürlərdən ibarət sərgi orda da nümayiş olunmuş və xarici qonaqların diqqətini cəlb etmişdir. A.Marifli qeyd edib ki, Nizami əsərlərindən nəinki ədəbiyyatşünaslar, eləcə də bəstəkarlarımız, rəssamlarımız, incəsənət xadimlərimiz bəhrələniblər, çoxsaylı sənət nümunələri yaradıblar və hələ neçə-neçə nəsillər böyük şairin yaradıcılığından bəhrələnəcəklər.

Tədbirin davamında Xalq rəssamı Arif Hüseynov çıxış edərək belə maraqlı sərginin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirib. O, bildirib ki, Azərbaycan klassiklərinə məxsus illustrasiyaların çəkilməsi bir ənənədir. O, vurğulayıb ki, Azərbaycan dünyada öz əsrarəngiz muğam, xalça sənəti, eləcə də miniatürləri ilə tanınır. “Nizami Gəncəvi ili” çərçivəsində çoxsaylı illustrasiyaların, miniatürlərin yaradılması gələcək nəsilərə ötürülməsi böyük bir hadisədir və mən bu hadisə münasibətilə hamımızı təbrik edirəm.

Azərbaycanın Xalq rəssamı Sirus Mirzəzadə çıxış edərək bildirib ki, 900 ilə yaxın bir dövr keçməsinə baxmayaraq Nizami Gəncəvi yaradıcılığı bu gün də aktualdır, gələcək nəsilərə örnəkdir, Azərbaycan rəssamları Nizami irsindən, yaradıcılığından bəhrələnərək çoxlu sayda sənət əsərləri, gözəl miniatürlər, qrafik əsərlər yaradıblar. Natiq qeyd edib ki, belə orijinal sərgilərin təşkili bəlkə də gələcək minatür rəssamlarının yetişməsi, formalaşması üçün bir stimul rolunu oynayacaqdır.

Sonda qonaqlar Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi ilə tanış və böyük şairin həyat və yaradıcılığına dair kitablardan ibarət sərgi ilə olublar.

 

 

 

 

icon

Foto qalereya