close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “15 İyun – Milli Qurtuluş Günü”nə həsr edilmiş tədbir keçirilib

14-06-2022

İyunun 14-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “15 İyun – Milli Qurtuluş Günü”nə həsr edilmiş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış edərək bildirib ki, sabah Azərbaycan üçün çox tarixi əhəmiyyətli bir gün – Milli Qurtuluş Günüdür. Direktor qeyd edib ki, bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun tarixi də belə tarixi günlərdən ən önəmlisidir. Belə ki, həmin dönəmdə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı böyük bəladan – parçalanma təhlükəsindən qurtarmışdır. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etdi, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrildi.

Direktor qeyd edib ki, Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan qarşısındakı ən əhəmiyyətli xidmətlərindən biri də özü qədər inandığı bir yetirməsini, onun həyat məktəbini keçmiş bir şəxsiyyəti hörmətli Prezidentimiz İlham Əliyevi özündən sonra xalqına rəhbərlik etmək üçün tövsiyə etməsi olmuşdur. Və bizim şahidi olduğumuz tarix bunu bir daha sübut etdi ki, Ulu Öndər öz seçimində yanılmayıb və cənab Prezidentimiz Azərbaycanı böyük uğurlara çatdırıb və 44 günlük Vətən müharibəsi isə bu uğurun zirvəsi hesab oluna bilər. Çıxışının sonunda K.Tahirov vurğulayıb ki, müstəqil Azərbaycan dövləti durduqca Heydər Əliyevin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq və heç vaxt unudulmayacaqdır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli çıxış edərək ilk öncə Milli Qurtuluş Günü münasibətilə hər kəsi təbrik edib. O, bildirib ki, Heydər Əliyevin Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olub. Biz Ulu Öndərimizin Azərbaycan xalqı, ölkəmiz üçün gördüyü xidmətləri sadalamaqla bitirə bilmərik. Ümummilli liderimizin ən böyük xidmətlərindən biri də cənab Prezidentimiz İlham Əliyevi Azərbaycan xalqına ərməğan etməsi olmuşdur. Və bu gün Azərbaycan cənab Prezidentimizin rəhbərliyi altında müstəqil dövlət kimi dünyada tanınır.  A.Marifli çıxışının sonunda qeyd edib ki, Azərbaycan xalqı çox şanslı xalqdır, ona görə ki, onun Heydər Əliyev kimi bir Ümummilli lideri və İlham Əliyev kimi cənab Prezidenti var.

Tədbir zamanı “15 İyun – Milli Qurtuluş Günü” (http://anl.az/el/vsb/Milli_Qurtulus_Gunu/index.html) adlı virtual sərgi iştirakçılara təqdim olunub.

Sonda iştirakçılar “15 İyun – Milli Qurtuluş Günü” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycan tarixini, eləcə də Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar nümayiş olunub.

icon

Foto qalereya