21-09-2022
Sentyabrın 21-də Milli Kitabxanada 18-26 sentyabr tarixlərində keçirilən ənənəvi XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” mövzusunda həyata keçirdiyi birgə layihə üzrə 2022-ci ildə nəşr olunmuş 21 Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimat mərasimi keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlayıb. Daha sonra son günlər ölkə sərhədində baş verən hadisələrdə Azərbaycan torpaqlarının azad edilməsi uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
O, bildirib ki, müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu olmuş, milli bəstəkarlıq məktəbinin təməlini qoymuş Üzeyir Hacıbəyli Azərbaycan milli operasının, eləcə də Şərqdə ilk operanın banisidir.
Prof. Kərim Tahirov Azərbaycan musiqi ictimaiyyətinə cari ildə kitabxana tərəfindən 21 not məcmuəsinin təqdim olunduğunu və dahi bəstəkarlarımıza həsr olunan bu nəşrlərin uşaq musiqi məktəblərinin şagirdləri, ali musiqi məktəblərinin tələbələri, musiqişünas alimlər üçün nəzərdə tutulduğunu qeyd edib. Natiq kitabxananın həyata keçirdiyi musiqi layihələrindən danışıb, Beynəlxalq Petruççi Musiqi Kitabxanası ilə olan əməkdaşlıq haqqında məlumat verib, dahi Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının və səs yazılarının Petruççi Musiqi Kitabxanasının saytında yerləşdirildiyini diqqətə çatdırıb.
Azərbaycan Milli Konservatoriyasının rektoru, professor, Xalq artisti Siyavuş Kərimi təqdimatı keçirilən nəşrlərin xüsusi əhəmiyyətindən danışıb, bu vacib işə görə Milli Kitabxanaya təşəkkürünü bildirib, gələcəkdə xalq mahnıları, rəqslər üçün çoxlu sayda materialların çap olunmasının vacibliyini vurğulayıb.
ADMİU-nun rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudova ilk olaraq hər kəsi Milli Musiqi Günü münasibətilə təbrik edib, təqdimatın önəmindən bəhs edərək Milli Kitabxananın musiqi bayramına olan töhfəsini yüksək qiymətləndirib, Azərbaycan bəstəkarlarının əsərlərinin həm yenidən, həm də ilk dəfə nəşrinə, həmçinin atası Emin Sabitoğlunun da əsərlərinin nəfis tərtibatlı çapına görə kitabxananın rəhbərliyinə təşəkkür edib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev idarənin tabeliyində xeyli sayda musiqi məktəblərinin olduğunu və bu vəsaitlərə tədrisdə böyük ehtiyacın olduğunu söyləyib, dahi Üzeyir Hacıbəylinin doğum günü ərəfəsində tədbirin baş tutmasına və dəvətə görə təşəkkürünü bildirib.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Milli Kitabxana tərəfindən musiqi sahəsində böyük işlər görüldüyünü qeyd edib, Azərbaycan bəstəkarlarının əsərlərinin yaşadılması istiqamətindəki fəaliyyətə görə kitabxana rəhbərliyinə təşəkkür edib, gələcəkdə nəfəsli alətlərə həsr olunmuş məcmuələrin də nəşrinin həyata keçirilməsini təklif edərək, bu işdə uğurlar arzulayıb.
Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə çıxış edərək kitabxananın fəaliyyətini daim izlədiyini, orijinal layihələrə görə təşəkkür edib və akademiya tərəfindən hazırlanan nəşrlərin həm kitabxanaya verilməsi, həm də kitabxana vasitəsilə dünyaya çatdırılması işində də Milli Kitabxananın böyük işlər gördüyünü, xüsusilə belə nəşrlərin elektron variantının kitabxananın saytı vasitəsilə dünyaya yayılmasını diqqətəlayiq hal hesab etdiyini söyləyib.
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov pedaqoji təcrübədə istifadə olunacaq bu nəşrlərin böyük əhəmiyyəti olduğunu, belə not məcmuələrinin həm musiqi məktəbi şagirdləri üçün, həm də kollec tələbələri üçün dəyərli əyani vəsait olacağını vurğulayaraq Milli Kitabxananın rəhbərliyinə və yaradıcı kollektivə uğurlar arzulayıb.
Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova bütün təbriklərə qoşularaq, uzun illər pis vəziyyətdə olan not nəşrlərinin çapı məsələsinin artıq sistemli xarakter aldığını, konservatoriyanın bütün nəşrlərinin mütləq şəkildə bir növ arxiv rolunu oynayan Milli Kitabxanaya təqdim edildiyini və Vokal kafedrası üçün də vəsaitlərin çapına ehtiyac olduğunu qeyd edib. O, Azərbaycan bəstəkarlarının fortepiano əsərlərinin nəşrinin və satışının, Elza İbrahimovanın mahnılarının yüksək tərtibatda hazırlanmasının, Cahangir Cahangirovun notlarının çap edilməsinin vacibliyini də diqqətə çatdırıb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova festival çərçivəsində həyata keçirilən bu layihəyə görə təşəkkür edərək, bu işlərin ənənə halını almasını alqışlayıb, muzeyə kitabxana tərəfindən hər zaman çoxsaylı kitabların təqdim edildiyini vurğulayıb və ABŞ-da dərc olunan Nizami əsərlərində musiqi motivlərinə həsr olunmuş məqaləsinin yer aldığı toplunu kitabxanaya hədiyyə edib.
Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, not məcmuələrinin redaktoru Xalq artisti Sərdar Fərəcov çıxış edərək kitabxananın rəhbərliyi başda olmaqla bütün əməyi keçənlərə təşəkkür edib, gələcəkdə Xalq çalğı alətləri orkestri üçün də vəsaitlərin hazırlanacağını söyləyib.
Sonda prof. Kərim Tahirov nəşrlərin hazırlanmasında əməyi keçən kitabxananın Not nəşrləri və səsyazmaları şöbəsinin əməkdaşlarına və Xalq artisti Sərdar Fərəcova təşəkkürürünü bildirib, gələcəkdə ayrı-ayrı bəstəkarların əsərlərinin toplularının, daha az çap olunanların nəşrinin həyata keçiriləcəyini, tədbirdə çıxış edənlər tərəfindən səsləndirilən bütün təkliflərin nəzərə alınacağını qeyd edib, qonaqlara, iştirakçılara təşəkkür edib.
Tədbirin sonunda Azərbaycan Milli Kitabxanası ilə Bakı Musiqi Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Kərim Tahirov əməkdaşlıq haqqında müqavilənin imzalanmasından sonra Bakı Musiqi Akademiyası ilə əlaqələrin daha da inkişaf edib möhkənlənəcəyinə əmin olduğunu bildirib.
Qeyd edək ki, müqavilənin şərtlərinə müvafiq olaraq qarşılıqlı maraq doğuran beynəlxalq layihələrdə və proqramlarda birgə iştirak, ölkə üzrə birgə layihələrin həyata keçirilməsi, birgə elmi tədbirlərin hazırlanması və həyata keçirilməsi, görkəmli bəstəkarların, musiqi xadimlərinin yubileylərinin qeyd olunması, akademiyanın nəşrlərinin mütəmadi olaraq Milli Kitabxanaya təqdim olunması, bəstəkarların və musiqi xadimlərinin yeni əsərlərinin təqdimatı; kitab sərgilərinin təşkili və s. nəzərdə tutulub.
Sonda Qonaqlar “Milli musiqi xəzinəmizdən” layihəsi çərçivəsində nəşr olunan not məcmuələri ilə tanış olublar.