close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının və “Aida İmanquliyeva – 80” adlı Elektron məlumat bazasının təqdimat mərasimi

05-11-2019

Noyabrın 5-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli şərqşünas alimi, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının və “Aida İmanquliyeva – 80” adlı Elektron məlumat bazasının  təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq qonaqları salamlayıb və  Azərbaycan şərqşünaslığı tarixində xüsusi xidməti olan  görkəmli şərqşünas alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor, tənqidçi, tərcüməçi Aida İmanquliyevanın həyat və fəaliyyəti haqqında geniş söhbət açıb. Professor bildirib ki, görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 80 illiyi münasibətilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib edilən bu biblioqrafiyada “Aida İmanquliyevanın həyat və yaradıcılığının əsas tarixləri”, “Aida İmanquliyevanın əsərlərindən müdrik deyimlər”, “Görkəmli şəxsiyyətlər Aida İmanquliyeva haqqında” bölmələri verilib. Biblioqrafik vəsaitdə Aida İmanquliyevanın əsərləri – kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, habelə alimin həyat və yaradıcılığını əks etdirən 1964-2019-cu illəri əhatə edən materiallar – kitablar, dissertasiyalar, məqalələr, rus və başqa dillərdə çap olunmuş materiallar toplanıb. Prof. Kərim Tahirov biblioqrafiyada ilk dəfə olaraq “Aida İmanquliyeva dünya kitabxanalarında” və “Aida İmanquliyeva dünya universitet kitabxanalarında” bölmələrinin də yer aldığını xüsusi qeyd edib. Professor çıxışında Milli Kitabxana tərəfindən hazırlanmış “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının şərqşünas alimin zəngin elmi yaradıcılığının, ədəbi irsinin təbliğində böyük rolu olacağını və şərqşünaslar, ədəbiyyatşünas alimlər, tədqiqatçılar üçün dəyərli mənbəyə çevriləcəyini bildirib.

Daha sonra görkəmli alim Aida İmanquliyevanın həyat və yaradıcılığından bəhs edən qısa film nümayiş edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyi münasibətilə ərsəyə gəlmiş  “Aida İmanquliyeva. Biblioqrafiya” kitabında və həmin kitabın əsasında hazırlanmış elektron məlumat bazasında toplanmış əsərlərin əsl informasiya mənbəyi kimi Aida İmanquliyevanın zəngin ədəbi irsinin dərindən öyrənilməsi baxımdan səciyyəvi olduğunu bildirib. Hicran Hüseynova  bildirib ki, prof. Aida İmanquliyeva zəngin elmi fəaliyyəti ilə yanaşı, o, cəmiyyət üçün, Azərbaycanın ictimai-siyasi fəailyyətində xüsusi xidmətləri ilə seçilən ləyaqətli övladlar tərbiyə edib,

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik katibi, akademik Nərgiz Axundova çıxış edərək Aida İmanquliyevanın tərcüməçilik fəaliyyətindən, səmərəli pedaqoji fəaliyyətindən, elmi-təşkilati fəaliyyətində yüksəki ixtisaslı ərəbşünas kadrların hazırlanmasındakı xidmətlərindən söhbət açıb.

AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva çıxış edərək Azərbaycanda şərqşünaslıq üzrə ilk qadın filologiya doktoru, prof. Aida İmanquliyevanın keçmiş sovet şərqşünaslığında Azərbaycan şərqşünaslıq məktəbinin yaranıb inkişafındakı xidmətlərindən söhbət açıb. Gövhər Baxşəliyeva bildirib ki, Aida İmanquliyeva bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatları və yazdığı əsərləri ilə nəinki keçmiş Sovetlər Birliyində, dünya miqyasında Azərbaycan Şərqşünaslığını layiqincə təmsil edib.

Daha sonra Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, akademik Nizami Cəfərov, BDU-nun Şərqşünaslıq fakultəsinin dekanı, prof. Elxan Əzizov çıxış edərək şərqşünas alim Aida İmanquliyevanın zəngin elmi yaradıcılığından, elmi əsərlərindəki Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkülündən, ərəb məhcər ədəbiyyatının tədqiqindən söhbət açıblar.  

Daha sonra gənc şair Sevindik Nəsiboğlu Aida İmanquliyevaya həsr etdiyi şeiri səsləndirib.

Sonda Milli Kitabxananın  “Elektron Kitabxananın İnkişafı şöbəsi”nin əməkdaşları tərəfindən tərəfindən hazırlanmış “Aida İmanquliyeva - 80” elektron məlumat bazası şöbənin müdiri Rübabə Səfərova tərəfindən təqdim edilib.