01-06-2023
İyunun 1-də Azərbaycan Milli Kitabxanasının nəşr etdiyi biblioqrafik göstəricilərin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna təqdimetmə mərasimi keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, zəngin irsə malik olan Azərbaycan Milli Kitabxanası bu gün ölkəmizin aparıcı kitabxanalarından biridir və müasir, daim təkmilləşdirilən elektron kataloqu ilə oxucularına mükəmməl xidmət göstərir. Azərbaycan Milli Kitabxanasının alimlərimizin, ziyalıların bu gün ən çox müraciət etdiyi başlıca kitabxanalardandır. Milli Kitabxana Ulu Öndər Heydər Əliyevin sayəsində milli statusunu qoruyub və bu gün ölkəmizdə kitabxana işinin təşkilində nümunədir.
Milli Kitabxananın Ədəbiyyat İnstitutuna 2016-2023-cü illərdə nəşr olunan 104 adda 479 kitab təqdim etdiyini diqqətə çatdıran AMEA rəhbəri təqdim olunan kitabların alimlərimizin gələcək tədqiqatları üçün dəyərli mənbə rolunu oynayacağını, Azərbaycan elminin inkişafına xidmət edəcəyini bildirib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bu gün kitabxananın başlıca məqsədinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurların dünya miqyasında təbliği olduğunu bildirib. Təqdim edilən kitabların Azərbaycan elminin inkişafına xidmət edəcəyini bildirən K.Tahirov özünün və Azərbaycan Milli Kitabxanasının fəaliyyətinə verilən yüksək dəyərə görə AMEA rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Sonra professorlar Qəzənfər Paşayev, İmamverdi Həmidov, filologiya elmləri doktoru Abid Tahirli və filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı çıxış edərək Azərbaycan Milli Kitabxanasının ölkəmizdə ədəbiyyat elminin inkişafına verdiyi töhfələrdən bəhs ediblər.