Azərbaycan ədəbiyyatının klassik nümayəndələrindən olan Molla Vəli Vidadi özünəməxsus yaradıcılığı ilə seçilən simalardan biridir.
Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə anadan olmuşdur. O, ilk təhsilini Şəmkirdə almış, oxumağı davam etdirmək üçün Poyluya gəlmişdir. Burada ərəb, fars dillərini mükəmməl öyrənmişdir. Şair Poyludan vətəninə qayıtmayıb Şıxlı kəndinə gələrək, burada Əhmədağanın yanında mirzəlik, katiblik və məktəbdarlıqla məşğul olmuşdur. Məhz buna görə də, Molla Vəli adı ilə tanınmışdır.
Vidadi Azərbaycan ədəbiyyatında təkrarolunmaz bir yer tutmuş, canlı xalq dilində gözəl qoşmalar, qəzəllər, bayatılar, gəraylılar, müxəmməslər yazmışdır. İnsana xas olan qurub-yaratmaq, inam, nikbinlik, şuxluq, müdriklik, kövrəklik, ümidsizlik, həsrət, qürbət ağrısı Vidadi şeirinin atributlarıdır. O, Molla Pənah Vaqifin həm müasiri, qohumu, həm də yaxın dostu olub. Оnların “Dеyişmə”si bu səmimi dоstluğun bədii ifadəsi kimi səslənirdi. Yaşadığı dövrün real tarixi hadisələrini özündə əks etdirən “Müsibətnamə” poemasını da dostu Vaqifin ölümü münasibətilə yazmışdır.
Milli Kitabxanada Molla Vəli Vidadinin anadan olmasının 315 illiyi münasibətilə "Molla Vəli Vidadi – 315” adlı kitab sərgisi açılıb. Sərgidə Molla Vəli Vidadinin əsərləri, haqqında Azərbaycan və digər dillərdə çap olunmuş kitablar, Molla Pənah Vaqif ilə deyişmələrindən bəhs edən nəşrlər nümayış olunur.
Sərgi 1 həftə davam edəcək.