close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Xalq yazıçısı Elçinin kitablarının təqdimatı keçirilib

22-11-2019

Noyabrın 22-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Xalq yazıçısı Elçinin “Baş” romanının, “Qırx Beş. Seçilmiş hekayələr”, “Daha dərin qatlara. Seçilmiş məqalə və esselər”, “Mənə niyə gülürlər” kitablarının  təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq çağdaş Azərbaycan ədəbiyyatında öz dəsti xətti olan görkəmli Xalq yazıçısı Elçin Əfəndiyevin yaradıcılığı haqqında geniş söhbət açıb. Prof. Kərim Tahirov çıxışında bildirib ki, Elçin Əfəndiyevin 60-cı illərdən bəri yazdığı bütün əsərlərində real həyatdan gələn hadisələr əks olunub. Əsərlərinə filmlər çəkilib, teatr səhnələrində onlarla əsərlərinə tamaşalar qoyulub. Azərbaycanda bir sıra aktyorlar nəslinin yetişməsində onun əsərlərinin çox böyük rolu var.

Mədəniyyət naziri Əbülfəs Qarayev yazının əsərlərinin tərbiyəvi əhəmiyyətini qeyd edib. Bildirib ki, Elçinin yaratdığı əsərlər öz aktuallığını heç vaxt itirməyib. Nazir deyib ki, onun kitabları insanlara Elçinin ədəbi fəaliyyətini bir daha təhlil etməyə və yaradıcılığı haqqında düşünməyə istiqamət verir.

“Yazıçının yaradıcılığı təkcə ədəbiyyatda deyil, teatr və kino üçün də bir hadisədir. Elçinin bir sıra əsərləri dövlət tərəfindən nəşr olunub. Bu gün təqdimatı keçirilən kitablar, əlbəttə xüsusi əhəmiyyət kəsb edir. Elçinin və bu nəslin ən tanınmış siması İlyas Əfəndiyevin yaradıcılığı ədəbiyyat tarixində silinməz iz qoyub. Elçin müəllimin yaradıcılığı bütün dövrlərdə aktual olub, hər zaman da belə olacaq. O, uzun illər dövlət işində aparıcı vəzifələrdə çalışmasına baxmayaraq, qələmi əlindən buraxmayıb, yaradıcılığını davam etdirib. Onun əsərləri Azərbaycanla yanaşı, dünyada da oxunur və sevilir”, - deyə Ə.Qarayev söyləyib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar çıxış edərək Elçin Əfəndiyevin zəngin yaradıcılığı haqqında söhbət açıb, yazıçının ədəbiyyatın müxtəlif janrlarında uğurla yazdığını, əsərlərində ədəbi tənqidi problemlərə məharətlə toxunduğunu bildirib.  Xalq yazıçısı Anar çıxışında yazıçının təqdimatı olan kitablarından danışarkən “Baş” romanını xüsusi vurğulayaraq, hadisələrin çox çətin dövrü – XVIII əsrin ilk onilliyində, Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafqaz tarixinin ən gərgin və mürəkkəb dövründə cərəyan etdiyini bildirib.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud yazıçının yaradıcılığı haqqında danışarkən, bildirib ki, “Daha dərin qatlara” kitabına yazıçının 70-ci illərdən bu günə kimi dövri mətbuatda çap etdirdiyi seçilmiş məqalə və esselərin toplandığını, “Qırx Beş. Seçilmiş hekayələr” kitabında isə dünənki və bugünkü həyatımızın gerçəklikləri, ailə və məişət qayğılarını əks etdirən hekayələrin işıqlandırıldığını söyləyib və bildirib ki, kitablarda toplanmış əsərlərin hər biri Azərbaycan mənəviyyatının, təfəkkürünün inkişafına təkan verir.

Daha sonra yazıçının yaradıcılığına həsr edilmiş sənədli film nümayiş edilib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev çıxış edərək, bildirib ki, təqdimatı olan bu kitabların hər biri  yazıçının zəngin yaradıcılığının məhsuludur və onun eyni zamanda dedektiv janrında da xüsusi yeri olduğunu söyləyb.

Daha sonra Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, akademik Nizami Cəfərov, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, Əməkdar Elm Xadimi, professor Qəzənfər Paşayev, Şair, publisist Əjdər Ol, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, Əməkdar Mədəniyyət işçisi, Azər Turan, professor Nizami Məmmədov, tənqidçi Elnarə Akimova çıxış edərək Xalq yazıçısı Elçin Əfəndiyevin zəngin ədəbi irsi, çox şaxəli yaradıcılığı haqqında geniş söhbət açıblar.

Daha sonra Milli Kitabxananın “Elektron Kitabxananın İnkişafı şöbəsi”nin əməkdaşları tərəfindən hazırlanmış “Xalq yazıçısı Elçin” elektron məlumat bazası şöbənin müdiri Rübabə Səfərova tərəfindən təqdim edilib.

Sonda Xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Milli Kitabxananın kollektivinə, tədbir iştirakçılarına dərin təşəkkürünü və minnətdarlığını bildirib. Elçin Əfəndiyev çıxışında onun yaradıcılığı haqqında söylənilən fikirləri yüksək qiymətləndirib, bunu eyni zamanda ədəbiyyata, kitaba olan sevgi kimi dəyərləndirib.