close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xalq artisti Ramiz Mirişli” adlı kitab sərgisi açılıb

16-04-2024

Azərbaycanın görkəmli bəstəkarı,  Xalq artisti, professor Ramiz Aqil oğlu Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra 1952–1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxuyub. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.

Ramiz Mirişli yaradıcılığında ən müxtəlif janrlara müraciət edib, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələyib.  Dillər əzbəri olan "Bir könül sındırmışam”, "Dalğalar”, "Könül verdim”, "Sənsən ürəyim”, "Səndən danışdı”, "Mən sənə neyləmişəm”, "Oxu, tar”, "Səadət”, "Səni sevən baxışlar” və s. mahnıların müəllifidir.

Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə üzə çıxıb. Onun səhnə əsərləri sırasına 2 musiqili komediya və respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulan 40-dan artıq əsərə yazdığı musiqi aiddir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında Ramiz Mirişlinin xidmətləri layiqincə qiymətləndirilib. Ölkəmizdə musiqi sənəti sahəsində nailiyyətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Milli Kitabxanada görkəmli bəstəkarın 90 illik yubileyi  ilə əlaqədar “Xalq artisti Ramiz Mirişli” adlı geniş kitab sərgisi hazırlanıb.

Sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərlərinin not yazıları, rəy verdiyi, həyat və yaradıcılığına həsr olunmuş kitablar Azərbaycan və rus dillərində nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

icon

Foto qalereya