close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

11-07-2019

İyul ayının 11-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbiri Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov açaraq Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü ilə əlaqədar geniş söhbət açdı. Professor çıxışında Ulu öndərin 1969-cu ildən başlayaraq Azərbaycan xalqının rifahı naminə gördüyü işlərdən, Azərbaycanın müstəqillik tarixində tale yüklü məsələlərin həll olunmasındakı əhəmiyyətli rolundan danışdı. Natiq qeyd etdi ki, Ümummilli Liderin zəngin dövlətçilik prinsipləri onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Heydər Əliyevin 1969-cu il 14 iyul tarixində Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin I katibi kimi fəaliyətə başladığı dövrdən geniş danışaraq Azərbaycanın inkişafı naminə çoxsaylı xidmətlərindən söhbət açdı. Vaqif Əliyev çıxışında Ulu Öndər Heydər Əliyevin Sovetlər Birliyində Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycanda təhsil, elm, mədəniyyət, iqtisadiyyat, kənd təsərrüfatı, energetika, neft-kimya sahəsinin inkişaf etdiyini, qısa zaman ərzində xalqımızın maddi və sosial rifahının yüksəldiyini söylədi. SSRİ-nin aparıcı ali məktəblərinə hər il 1000 nəfərdən çox gənc kadrlar göndərilərək Azərbaycanda tədris olunmayan ixtisaslar üzrə təhsil aldığını, hərbi kadr hazırlığına xüsusi diqqət yetirilərək Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradıldığını və yüksək ixtisaslı hərbiçilərin hazırlandığını qeyd etdi. Azərbaycanın müstəqillik illərində Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra yenidən Azərbaycanı çətin vəziyyətdən xilas etdiyini, Atəşkəs rejiminin yaradıldığını, beynəlxalq təşkilatlarla sazişlər bağlanıldığını, “Əsrin müqaviləsi” imzalandığını, konstitusiya aktının qəbul edildiyinin, nizami ordu yaradıldığını xüsusilə qeyd etdi. Nazir müavini qeyd etdi ki, “bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi ideyalarını layiqincə davam etdirir və Azərbaycan böyük uğurlara imza atır”.
Daha sonra Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş qısa film nümayiş olundu.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov çıxış edərək Azərbaycan tarixinin böyük bir hissəsinin Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu, müasir Azərbaycan dili dərslikləri hazırlandığını, dövlət idarələrində Azərbaycan dilinin nüfuz qazandığını, bütövlükdə xalqın oyadılması istiqamətində uğurlu addımlar atıldığını söylədi.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar jurnalisti Aqil Abbas, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri, Filologiya üzrə fəlsəfə doktoru Bəxtiyar Əsgərov, “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, KİVDF Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə çıxış edərək Heydər Əliyevin hakimiyyəti illərində SSRİ-də iqtisadi inkişaf baxımından sonuncu yerdə olan Azərbaycanın sürətlə inkişaf etdiyini və Sovetlər İttifaqının ən qabaqcıl ölkələrindən birinə çevrildyini, Azərbaycan xalqınının sosial, maddi, mədəni rifahının yaxşılaşdırdığını söylədilər. Çıxışçılar onu da qeyd etdilər ki, 15 iyun 1993-cü il tarixində Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişi ilə müstəqil Azərbaycan Respublikası daha da inkişaf etdi, güclü, qüdrətli dövlətə çevrildi.
Sonda Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan tarixinin Heydər Əliyev dövrü (1969-2019)” adlı Elektron məlumat bazası təqdim edildi.