08-05-2023
May ayının 10-da Azərbaycan xalqının Ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi tamam olur.
Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Prezident İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi illər ərzində ölkəmizin müstəqilliyi istiqamətində həyata keçirdiyi geniş miqyaslı işlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində öz bəhrəsini verir. Ulu Öndərin Azərbaycan xalqı və dövlətinin gələcək inkişafı naminə irəli sürdüyü ideyaları bu gün yaşayır və zəfər çalır.
Yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Ümummilli lider Heydər Əliyev – 100” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Ulu Öndər haqqında görkəmli şəxslərin fikirləri, haqqında materiallar, fotolar, Heydər Əliyev irsi, onun Azərbaycan tarixində, mədəniyyətində, elmin inkişafında rolu haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Umummilli_lider_Heyder_Eliyevin_dogum_gunu/index.htm linkindən istifadə edə bilərlər.