07-07-2023
Tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən növbədənkənar iclasında qəbul olunub. TÜRKSOY tərəfindən Şuşanın 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi Türk-İslam dünyasının Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin göstəricisidir.
44 günlük Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində Şuşada həyat yenidən dirçəlməyə başlayıb. Bu gün Azərbaycanın mədəniyyət paytaxtı, dilbər guşəmiz Şuşada bərpa işləri uğurla davam etdirilir. Mühüm tarixi-mədəni əhəmiyyəti və xalqımız üçün müstəsna mənəvi dəyərə malik olan Şuşa şəhərində bir sıra tarixi, mədəni abidələrin bərpası üzrə genişmiqyaslı layihələr həyata keçirilir, Şuşanın keçmiş ənənələri bərpa edilir, bu qədim şəhərdə mədəni-kütləvi tədbirlər, beynəlxalq konfranslar keçirilir.
Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı – Şuşa” adlı Elektron məlumat bazası hazırlanıb.
Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin tədbirlər planı”, “Şuşa – türk dünyasının mədəniyyət paytaxtı – 2023”ün rəsmi açılış mərasimi”, “Xarıbülbül” beynəlxalq musiqi festivalı”,“Görkəmli şəxsiyyətlər Şuşa haqqında”, “Tarixi”, “Tarixi abidələr”, “İnzibatı quruluşu”, “Görkəmli şəxiyyətləri”, “Nəşrlər”, "Fotoqalereya", Videoqalereya" bölmələrindən ibarətdir. Bazada təqdim olunan sənədlər tam mətnləri ilə verilib.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/MPSHUSA/index.htm linkindən istifadə edə bilərlər.