close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Soyqırım muzeyi” kitabının, “Əsrin faciəsi” filminin və Milli Kitabxana tərəfindən hazırlanmış “Xocalı soyqırımı” adlı Elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

21-02-2017

Fevral ayının 21-də Milli Kitabxanada Azərbaycan Respublikası Hərbi Prokurorluğu ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olan “Soyqırım muzeyi” kitabının, Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanan “Əsrin faciəsi” sənədli filminin və Milli Kitabxana tərəfindən hazırlanmış “Xocalı soyqırımı” adlı Elektron məlumat bazasının təqdimat mərasimi və “Xocalı soyqırımı-25” adlı kitab sərgisinin açılış mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq soyqırım qurbanlarını bir dəqiqəlik sükutla yad etmişdir. “Əsrin faciəsi” sənədli filmi nümayiş olunduqdan sonra söz Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevə verilmişdir. V.Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” Sərəncamından danışmış, respublikada silsilə tədbirlərin keçirildiyini bildirmişdir.  “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq bir sıra ölkələrdə Xocalı soyqırımıyla bağlı müvafiq qərarların qəbul edildiyini, lakin bu cinayətin hələ də hüquqi qiymət almadığını söyləmişdir.

Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Rasim Kazımov Hərbi Prokurorluğun Soyqırımı Muzeyi barədə məlumat vermiş, muzeyin dörd bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarət olmaqla 320 kvadmetrlik sahəni əhatə etdiyini, muzeyin XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edildiyini, Hərbi Prokurorluqda yaradılmış Soyqırım memorial Muzeyinin Azərbaycan xalqının gələcək nəsilləri üçün qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşməsinə xidmət edən mükəmməl və möhtəşəm tarixi abidə olduğunu söyləmişdir.

Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov  Tarix İnstitutunda son onillikdə dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı əks etdirən külli miqdarda arxiv sənədlərinin gətirilərək toplu şəklində nəşr olunduğunu,  təkcə XX əsrdə azərbaycanlıların 4 dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə kütləvi qırğınlara, soyqırımlarına və etnik təmizləmələrə məruz qaldığını,  Xocalı faciəsinin 200 illik qanlı tariximizin son soyqırım olduğunu söyləyib.

Çıxışçılar professor, tarixçi-alim,  millət vəkili Fəzail İbrahimli, Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin redaktoru Rəşad Məcid, Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi, ədliyyə polkovniki Rauf Məmmədov və b. Soyqırım Muzeyinin yaradılmasının zəruriliyindən, xalqımıza qarşı törədilən soyqırım və deportasiyalar barədə həqiqətləri bütün dünyaya çatdırmağın, gələcək nəsillərə əyani surətdə göstərməyin və ictimaiyyət arasında onların təbliğinin genişləndirilməsinin vacibliyini vurğuladılar.

Milli Kitabxananın şöbə müdiri Rübabə Səfərova tərəfindən təqdim olunan “Xocalı soyqırımı” adlı Elektron məlumat bazası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Sonda tədbir iştirakçıları “Xocalı soyqırımı-25”adlı kitab sərgisi ilə tanış oldular.