15-01-2016
Yanvar ayının 15-də Rumıniya milli mədəniyyət günü çərçivəsində Rumın poeziya günü keçirilmişdir.
Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq qonaqları salamladı. O, rumın-Azərbaycan mədəni, siyasi, iqtisadi əlaqələrindən qısaca danışaraq giriş üçün sözü Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin sektor müdiri Aslan Cəfərova verdi. O, Rumın mədəniyyət gününün Rumın ədəbiyyatının ən görkəmli nümayəndəsi Mixay Emineskunun adı ilə bağlı olduğundan, şairin cavan yaşlarında vəfat etməsinə baxmayaraq, rumın xalqına və eyni zamanda, dünya ədəbiyyatında gözəl əsərlər bəxş etməsindən, onun əsərlərinın bir çox dillərə tərcümə edilərək dillər əzbəri olmasından danışdı.
Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri Daniel Kristian Çiobanu bu əlamətdar günü Bakıda qeyd etməsindən qürur duyduğunu bildirdi. Rumın poeziya gününün Azərbaycan Milli Kitabxanasında qeyd olunmasının ədəbiyyata, mədəniyyətə, incəsənətə verilən yüksək qiymət olduğunu vurğulayaraq Mədəniyyət və Turizm Nazirliyinə və Milli Kitabxanaya öz minnətdarlığını bildirdi.
Yazıçılar Birliyinin Katibi, 525-ci qəzetin redaktoru Rəşad Məcid rumın ədəbiyyatından, nakam şairin həyat dolu yaradıcılığından danışdı.
Çıxışçı BDU-nun xarici ölkələrin ədəbiyyatı kafedrasının müəllimi, f.e.n Nüşabə Sadıxlı rumın ədəbiyyatından Mixay Emineskunun yaradıcılığından geniş söhbət aşdı. Milli Kitabxananın bölmə müdiri, Yazıçılar Birliyinin üzvü Fəridə Hacıyeva Mixay Emineskunun şeirlərini səsləndirdi.
Sonda tədbir iştirakçılar rumın mədəniyyəti, ədəbiyyatı və tarixindən bəhs edən kitab sərgisi ilə tanış oldular. Sərgidə Azərbaycan, rus və digər dillərdə ədəbiyyat nümayiş olunurdu.