Görkəmli ədəbiyyatşünas alim, dəyərli ziyalı, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin 70 yaşı tamam olur.
Asif Heydər oğlu Rüstəmli 1954-cü il fevral ayının 16-da Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirib.
O, 1988-ci ildə Nizami adına Ədəbiyyat İnstitutuna müsabiqə yolu ilə daxil olub, baş laborantlıqdan baş elmi işçi, şöbə müdiri vəzifəsinədək yüksəlib, 1991-1995-ci illərdə Folklor Sarayı elmi-mədəni mərkəzinin (indiki AMEA Folklor İnstitutunun) direktoru, 1995-1999-cu illərdə Elmi nəşrlər bölməsinin müdiri vəzifələrində işləyib, Mətbuat tarixi və publisistika şöbəsinin müdiri olub.
Asif Rüstəmli 1994-cü ildə elmlər namizədi, 2009-cu ildə dosent elmi adını, 2011-ci ildə elmlər doktoru elmi dərəcəsini alıb. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2003-cü ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü, 2012-ci ildən ADMİU-nun professoru, 2013-cü ildən BDU nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü, 2015-ci ildən AYB tərkibində Cəfər Cabbarlı Komissiyasının sədridir.
O, 2010-2017-ci illərdə İnstitut Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. 15 kitabın, 350-dən çox elmi, publisistik məqalənin və məruzənin müəllifi, 20 kitabın tərtibçisi, 2 kitabın tərcüməçisi, çoxsaylı kitabların redaktoru və rəyçisi olub, onlara ön söz yazıb. Elmi məqalələri xarici ölkələrdə türk, fars, rus, polyak və macar dillərində çap olunub. Ssenariləri əsasında “Günəş Şərqdən doğur”, “İstiqlal fədaisi”, “Nurlu gələcək naminə” sənədli filmləri çəkilib, Moskvanın “Kinoprodukt” Studiyasının çəkdiyi “Əfsanənin əks üzü” seriyasından “26 Bakı komissarı” sənədli filminin elmi məsləhətçisi olub və filmdə çıxış edib.
1992-1996-cı illərdə Azərbaycan Televiziyası ilə gedən “Yaddaş”, “Tarix bizə nə deyir” verilişlərinin ssenari müəllifi və aparıcısı olub. ADMİU-da mətnşünaslıq, redaktənin əsasları fənlərini tədris edib (1996-2019). Bir sıra namizədlik dissertasiyalarının opponenti olub. Ankara, Bağdad, Tehran, Təbrizdə, Bəsrə, Urmiya, Varşava, Tomsk, Elazığ, Budapeşt, Diyarbəkir, Astanada və Balıkəsirdə keçirilən beynəlxalq elmi konfransların, simpoziumların iştirakçısı olub.
Asif Rüstəmli Ankaradakı Azərbaycan Kültür Dərnəyinin mükafatı (1994), C. Cabbarlı Mükafatı Komissiyasının “Xüsusi diplom”u (2001), “Qılınc və qələm” beynəlxalq ədəbi mükafatı (2004), Varşava Universitetinin “Sertifikat”ı (2007), Elazığ (Türkiyə) valisinin xüsusi mükafatı (2010), “Cəfər Cabbarlı mükafatı” (2010), İstanbulda fəaliyyət göstərən Türk Ədəbiyyatı Vəqfinin “Türk Ədəbiyyatına Xidmət Baratı” (2013), AMEA Rəyasət Heyətinin “Fəxri fərman”ı (2014), Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisinin “Türk edebiyyatına hizmet” Uluslararası Ödülü (2014), L.N.Qumilyev adına Avroaziya Milli Universitetinin Sertifikatı (2014), Azərbaycan – Türkiyə Dostluq Dərnəkləri Federasiyasının mükafatı (2014), “Ağa Musa Zirvəsi” mükafatı (2015), AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “İlin Alimi” (2017) mükafatı ilə təltif edilib.
Asif Heydər oğlu Rüstəmli 2018-ci ildə professor elmi adına layiq görülüb. 2018-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Humanitar, ictimai elmlər və sənətşünaslıq, 2020-ci ilin mart ayından isə Akkreditasiya şöbəsinin müdiri, AAK Kollegiyasının üzvü olub.
Milli Kitabxanada prof. Asif Rüstəmlinin yaradıcılığını əks etdirən ənənəvi kitab sərgisi açılıb. Sərgidə müəllifin əsərləri, tərcümə etdiyi, rəy və ön söz yazdığı, tərtibçi və redaktoru olduğu, Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi bir həftə açıq olacaq.