09-02-2024
Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur.
Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.
Ölkə başçısı tərəfindən 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir.
Bu münasibətlə Azərbaycan Milli Kitabxanasında “Naxçıvan Muxtar Respublikası -100” adlı geniş kitab sərgisi təşkil edilmişdir.
Sərgidə rəsmi sənədlər, Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı, Naxçıvanın tarixi, arxeologiyası, folklor örnəkləri, təbiəti, ədəbi mühiti, tarixi şəxsiyyətləri, ziyalıları və s. mövzularda, həmçinin, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı igid oğulların qəhrəmanlığından bəhs edən Azərbaycan və digər dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi 1 həftə davam edəcək.