close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Milli Musiqi xəzinəmizdən” layihəsinin ilk nəşrləri – görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun və professor Elmira Nəzirovanın fortepiano üçün əsərlərindən ibarət not məcmuələrinin təqdimat mərasimi keçirildi

28-10-2019

Oktyabrın 28-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi “Milli Musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” layihəsinin  və həmin layihə üzrə ilk nəşr olunan görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun və professor Elmira Nəzirovanın fortepiano üçün əsərlərindən ibarət not məcmuələrinin (dörd adda) təqdimat mərasimi keçirildi.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq layihə haqqında geniş məlumat verdi. Bildirdi ki,  layihə çərçivəsində ilk olaraq görkəmli bəstəkar Fikrət Əmirovun “Romantik sonata”, “12 miniatür”, “İki pyes. İki prelyüd. Variasiyalar”,  prof. Elmira Nəzirovanın “Pyeslər. Azərbaycan xalq melodiyalarının fortepiano üçün işləmələri” adlı fortepiano üçün not məcmuələri çap olunub. Professor çıxışında Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirilən layihənin  əsas məqsədinin Milli Kitabxananın fondunda mühafizə olunan milli musiqi əsərlərini yenidən nəşr edilib musiqi məktəblərinin, kolleclərinin şagird və tələbələrinin musiqi əsərlərinə olan tələbatının ödənilməsi olduğunu söyləyib.  Milli Kitabxananın musiqi fondunda olan 30 mindən artıq qrammofon vallarının kompakt disklərə köçürüldüyünü və həmin musiqi əsərlərinin 2 cildlik kataloqunun çap edilərək Milli Kitabxananın www.anl.az saytında tam mətnlərinin yerləşdiyini, Azərbaycan musiqisinin dünyada təbliği məqsədilə Petruççi Musiqi Kitabxanası vasitəsilə 500-ə yaxın musiqi əsərlərinin dünyada yayımlandığını  söyləyən prof. Kərim Tahirov belə layihələrin davamlı olacağını xüsusi qeyd edib.

Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayev çıxış edərək layihənin Azərbaycan Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində həyata keçirildiyini nəzərə çatdırıb və bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə təbliğ olunması məqsədilə son 10 ildə 676 adda nəşrlərin çap edildiyini və bunlardan 180 adda nəşrin milli musiqimizə dair nəşrlər olduğunu qeyd edib. Cənab nazir çıxışında “Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı”nın yaradıldığını və həmin portalda musiqi nəşrlərinin yerləşdirildiyini söyləyib. Bildirib ki,hər bir Azərbaycan musiqiçisi üçün milli musiqimizin dünyada yüksək səviyyədə təbliği əsas prioritet məsələlərdən birinə çevrilməlidir.        

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi çıxış edərək Azərbaycan musiqisinin təbliği məqsədilə Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə həyata keçirdiyi təşəbbüsün təqdirəlayiq olduğunu və belə bir layihələrin davamlı olmasının musiqi məktəbləri üçün böyük ərmağan olacağını söyləyib.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Xalq artisti Sərdar Fərəcov, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova və bir sıra musiqi məktəbinin rəhbərləri çıxış edərək layihənin önəmini vurğulayıb, bu işdə zəhməti olan hər kəsə təşəkkür ediblər. 

Tədbirdə Bakı şəhəri üzrə musiqi və incəsənət məktəblərinin direktorları və tədris hissə müdirləri iştirak ediblər.

Sonda tədbir iştirakçıları Milli Kitabxanaın fondunda mühafizə olunan Azərbaycan bəstəkarlarının zəngin musiqi irsini əks etdirən “Milli musiqi xəzinəmizdən” adlı sərgi ilə  tanış oldular.