15-05-2024
15 may tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Bakı şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri üçün KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının Treninq Mərkəzində növbəti treninqin keçirilməsinə başlanıb.
Treninqi Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb və bildirib ki, bugünkü treninqin məqsədi KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin ikinci mərhələsi (proqramın öyrənilməsi və region kitabxanalarında tətbiqi) ilə əlaqədardır. KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin kitabxanalarda tətbiqinin Azərbaycan Milli Kitabxanasının 850 mindən artıq biblioqrafik yazını əhatə edən elektron resurs fondundan istifadə etməklə oxuculara xidməti operativləşdirmək, asanlaşdırmaq və kifayət qədər sürətləndirmək imkanı yaradacağını vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli ilk öncə KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin kitabxanalarda tətbiqi ilə əlaqədar iştirakçıları təbrik edib. KOHA proqramının tətbiqini ölkədə kitabxana sahəsində keçirilən islahatlar dönəmində bir yenilik və optimallaşmanın əsas xətti kimi xarakterizə edib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə lahiyəsi olan KOHA proqramının dünyanın 70-dən çox ölkəsində tətbiq olunduğunu vurğuluyaraq proqramının əsas üstün cəhətlərini qeyd edib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxışı zamanı qeyd edib ki, kitab hər bir xalqın milli sərvəti, keçmişi, bu günü və gələcəyidir ona görə kitaba qiymət vermək bizim mədəniyyət siyasətinin tərkib hissələrindən biridir. O, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalarda KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqinin son dövrlərdə kitabxanalarla bağlı keçirilən ciddi islahatlardan biri olduğunu vurğulayıb.
Treninqdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Xətai, Xəzər, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən və M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanasından ümumilikdə 14 nəfər mütəxəssis iştirak edir.
Qeyd edək ki, treninqin keçirilməsində məqsəd aktiv, sürətlə inkişaf edən və yaxşı strukturlaşdırılmış kod bazasına malik, istifadəçi interfeysi konfiqurasiya edilə və uyğunlaşdırıla bilən, açıq mənbəli, inteqrasiya edilmiş kitabxana sistemi olan KOHA-nın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanalarda tətbiqinə dəstək olmaqdır.
Treninq 18 may tarixinədək davam edəcək.