close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar keçirilmiş treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

16-03-2024

Martın 11-dən 16-dək Azərbaycan Milli Kitabxanasının Treninq Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanaların mütəxəssisləri üçün keçirilmiş KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar ilk treninqin müdavimlərinə sertifikatlar təqdim olunub.

Proqramın tətbiqi ilə bağlı Mədəniyyət Nazirliyinin tapşırığına əsasən Milli Kitabxanada 6 günlük treninqlər təşkil edilib. Treninqlərdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Gəncə, Lənkəran, Şəki şəhər, Ağcabədi, Ağstafa, Xaçmaz, Ağdaş, Sabirabad, Biləsuvar, Şamaxı, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən ümumilikdə 18 nəfər mütəxəssis iştirak edib.

Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov iştirakçıları salamlayaraq KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin gələcək perspektivlərindən danışıb, treninqə qatılmış mütəxəssislərə yerlərdə dərhal işə başlamağı tövsiyə edib, onlara uğurlar arzulayıb, bu proqramın Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalarda tətbiqinin çox vacib və təxirəsalınmaz olduğunu bildirib.

Treninq çərçivəsində müdavimlərə proqramın quruluşu, modulları, ayrı-ayrı bölmələri, ümumiyyətlə, bütün iş funksiyaları tədris olunub.

Sonda müdavimlərə sertifikatlar təqdim edilib.

icon

Foto qalereya