23-02-2024
23 fevral tarixində Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, türkçülük məfkurəsinin böyük carçısı, tanınmış ədib, publisist, maarifçi, rəssam və təbabət alimi Əli bəy Hüseynzadənin anadan olmasının 160 illik yubileyi ilə əlaqədar kitab sərgisinin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət xanım Yusifova, Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli və tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Qonaqları salamlayaraq tədbiri açan Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış şəxsiyyətlərin Əli bəy Hüseynzadənin fəaliyyətini yüksək qiymətləndirərək onu “Qafqaz müsəlmanlarının atası” adlandırdıqlarını qeyd edib. Əli bəyin Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin maarifçilik ideyalarını davam etdirdiyini və "Həyat" qəzetində çalışarkən türkçülük haqqında “Türklər kimdir”, “Biz tat deyilik, biz türkük” və s. geniş məqalələr dərc etdirdiyini diqqətə çatdırıb. Ədibə İsmayılova Əli bəy Hüseynzadənin ideyalarının daim müasir olduğunu və bugünkü günümüzlə də səsləşdiyini söyləyib.
Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət xanım Yusifova tədbir iştirakçılarını salamlayaraq Əli bəy Hüseynzadənin Azərbaycan və bütövlükdə Türk dünyasının milli özünüdərkində, Türk dünyasının formalaşmasında müstəsna xidməti olan şəxsiyyət kimi xarakterizə edib. Əlavə edib ki, Əli bəy Hüseynzadə zamanın böyük düşüncə adamı olub, Avropa fəlsəfəsinin doğurduğu modernləşmə ideyalarını birləşdirərək XX əsrin əvvəllərində Azərbaycan və türkçülük ideologiyasının bünövrəsini qoyub.
Ədəbiyyat qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan Əli bəy Hüseynzadənin müasir modern rəssamlığının banisi olduğunu, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının yaradıcısı, eyni zamanda Türk dünyasında ilk dəfə "Türklər kimdir və kimlərdən ibarətdir" sualına cavab verən pərdənin arxasındakı adam olduğunu qeyd edib.
Ədəbiyyat İnstitutu Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İslam Qəribli çıxışında Əli bəy Hüseynzadənin "Füyuzat" məcmuəsində çap etdirdiyi ədəbi-bədii, elmi məqalələrindən danışıb. O, Əli bəy Hüseynzadənin böyük siyasətçi, jurnalist, ideoloq, filosof olmaqla yanaşı, rus, avropa, alman və türk ədəbiyyatını mükəmməl bilən şair, tərcüməçi, həm də həkim olduğunu qeyd edərək ədibin zəngin, çoxcəhətli fəaliyyətindən bəhs edib.
Nizami adına Ədəbiyyat İnstitutunda “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova Əli bəy Hüseynzadənin publisistikasından danışaraq, qeyd edib ki, Əli bəy həm də uşaq ədəbiyyatı yönündə bir xiridar, mücadiləçi olub. Əsası 1908-ci ildə qoyulmuş “Səadət” məktəbində onun uşaq ədəbiyyatı dərslikləri və ana dilli kitabları, oxu nümunələrinin necə olmağını, necəliyini yazdığı məqalələrində ortaya qoyduğunu nəzərə çatdırıb. Elnarə Akimova onu da əlavə edib ki, bu gün Zəngəzur dəhlizinə gedən yolda bizə yalnız və yalnız Əli bəy Hüseynzadənin ideyaları işıq tuta bilər.
Əlyazmalar İnstitutunun "Şəxsi arxivlərin tədqiqi" şöbəsinin böyük elmi işçisi Aytən İmanova Əli bəy Hüseynzadənin siyasi fəaliyyətinə toxunub, Əli bəyin İstanbul Tələbə Cəmiyyətinə Avropa ədəbiyyatını tanıtmağından bəhs edib.
Sonda Milli Kitabxananın hazırladığı “Böyük maarifçi Əli bəy Hüseynzadə” adlı virtual sərginin təqdimatı və “Əli bəy Hüseynzadə -160” adlı ənənəvi kitab sərgisi ilə tanışlıq olub, xatirə şəkilləri çəkilib.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Eli_bey_Huseynzade/index.htm linkindən istifadə edə bilərlər.