close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada görkəmli ictimai-siyasi xadim, pedaqoq, alim, Azərbaycanda qadın azadlığı uğrunda fəal mübariz Səidə xanım İmanzadə haqqında kitabın təqdimat mərasimi keçirilib.

07-03-2024

7 mart tarixində Azərbaycan Milli Kitabxanasında ölkəmizdə qadın hərəkatının görkəmli nümayəndəsi, ictimai-siyasi xadim, əməkdar müəllim Səidə İmanzadənin xatirəsinə həsr olunmuş  “Cаида Иманзаде” kitabın təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində tanınmış elm, mədəniyyət xadimləri və Səidə xanım İmanzadənin ailə üzvləri  iştirak ediblər.

Qonaqları salamlayaraq tədbiri açan Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov 8 mart “Beynəlxalq qadınlar günü” münasibətilə bütün qadınları təbrik edib. Qeyd edib ki Səidə İmanzadə xalqın taleyində müstəsna rol oynayıb, millətin taleyüklü məqamlarında xilaskarlıq missiyasını şərəflə yerinə yetirib, qadın azadlığının düşmənlərinə qarşı, cəhalətə və savadsızlığa qarşı respublikada gedən ümumxalq hərəkatının önündə gedən xanımlardan biri olub.

Tarix elmləri doktoru Dilarə xanım Seyidzadə  Ulu öndər Heydər Əliyevin fəaliyyətindən, qadınlara verdiyi xüsusi dəyərdən bəhs edib. Səidə İmanzadəyə həsr olunmuş  kitabın önəmini vurğuluyaraq bildirib ki,  Səidə xanımın obrazı, onun irsinin öyrənilməsi bugünkü gəncliyimiz üçün çox önəmlidir.

Milli Məclisin deputatı, professor Anar İsgəndərov Səidə xanımın bir tələbəsi kimi onu çox zərif, milli ruha sahib xanım, tələbələrinə sevgi və qayğı ilə yanaşan ədalətli  pedaqoq, müəllim kimi xarakterizə edib.

BDU-nun kafedra müdiri, professor İradə Hüseynova bu günün böyük məna və səciyyə kəsb etdiyini vurğuluyaraq Səidə xanımla yaxın ünsiyyətdə olduğunu söyləyib. Qeyd edib ki, hələ gəncliyindən qadın azadlığı hərəkatını izləyən, öz elmi, pedaqoji və ictimai fəaliyyəti ilə bu hərəkatda bilavasitə iştirak edən Səidə xanım həmin mövzuda 75-dən çox kitabça və məqalə çap etdirib. Əlavə edib ki,  S. İmanzadənin “Qadınlar cəmiyyətdə və ailədə” “Qadının - ananın şərəfini yüksəldək”,  “İslam dini və qadın məsələsi”, “Azərbaycan qadınları Böyük Vətən müharibəsində” “Azərbaycan qadınları mədəniyyət cəbhəsində” kitablarında Azərbaycanda qadın azadlığı uğrunda mübarizə tarixinin çətin, ziddiyyətli, mürəkkəb, həm də şərəfli dövrü zəmanənin siyasi çərçivələrini və qadağalarını, siyasi konyukturasını nəzərə alaraq, mümkün qədər obyektiv işıqlandırıb. Çıxışını Hüseyn Cavidin “Qadın gülərsə, bu ıssız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək” misraları ilə bitirib.

 Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova Səidə xanım İmanzadənin Bakıda Qızlar İnternatının müdiri,  qabaqcıl təhsil ocaqlarından biri olan 132 nömrəli məktəbə direktor, uzun illər Bakı Dövlət universitetində tarix fakültəsinin dekanı kimi səmərəli fəaliyyətindən bəhs edib.

Səidə xanımın qardaşı qızı, həkim Sədaqət xanım Səidə xanımın nəinki cəmiyyətdə, ailədə də qadınları ictimai həyata cəlb edən bir xanım olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Səidə xanım “Qadın nümayəndələri iclası” adlanan təşkilatın fəal üzvlərindən biri olub, burada azərbaycanlı qadınlar arasında iş aparıb, qadınların hüqüq və imkanlarını onlara başa salıb. O, bütün qüvvəsini qadın hüquqları uğrunda mübarizəyə yönəldib. Əlavə edib ki, bütün həyatını müəllimliyə həsr edən Səidə xanım İmanzadənin çoxcəhətli fəaliyyəti - ilk növbədə pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. Belə ki, Səidə xanıma 1943-cü ildə ona respublikanın "Əməkdar müəllimi" fəxri adı verilib. 1944-cü ildə "Qafqazın müdafiəsi, 1945-ci ildə isə "1941–1945-ci illərdə arxa cəbhədə fədakar əməyə görə" medalı ilə təltif edilib. 1946-cı ildə Səidə xanım İmanzadə Lenin ordeninə layiq görülüb.

“Neft daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev Səidə xanımın Ümummilli lider Heydər Əliyevin sevimli müəlliməsi olduğunu Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə Səidə xanıma müxtəlif vəzifələr, xüsusilə rəhbər vəzifələr təklif etsə də, təvazökar qadın müəllimliyi bütün vəzifələrdən üstün tutaraq sevimli tələbəsinin təklifilə razılaşmayaraq BDU-da pedaqoji fəaliyyətini davam etdirdiyini qeyd edib.  

 Səidə xanımın oğlu, görkəmli diplomat, Mübariz İmanzadə bir övlad kimi bu gün Səidə xanımın xatirəsini ucalda bildiyi üçün xoşbəxt olduğunu söyləyib. Tarix elmləri doktoru Dilarə xanıma, Milli Kitabxananın direktoru prof. Kərim Tahirova eləcə də bütün tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirib.

Sonda Səidə xanım İmanzadəyə həsr olunmuş kitab sərgisi ilə tanışlıq olub.

icon

Foto qalereya