close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Elmi Şuranın onlayn iclası keçirilib

28-12-2020

Elmi Şuranın onlayn iclasını Milli Kitabxananın direktoru, Şuranın sədri professor Kərim Tahirov açaraq 2020-ci ildə ildə Milli Kitabxananın fəaliyyətinin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr haqqında çıxış etmişdir. İlk öncə Kərim Tahirov 2020-ci ildə Azərbaycan xalqının, Azərbaycan ordusunun Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazandığı möhtəşəm Qələbədən danışmış və bu münasibətlə tədbir iştirakçılarını və xalqımızı təbrik etmişdir. O, bildirib ki, məhz bu Qələbə Azərbaycan xalqının, Azərbaycan ordusunun necə mərd, cəsur və yenilməz olduğunu bütün dünyaya sübut etdi və tanıtdı. Qazanılan Qələbə bizə itkisiz başa gəlməmiş, çoxsaylı şəhidlər vermişik, biz hamımız bütün şəhidlərimizin xatirəsi qarşısında baş əyirik, Allah onlara rəhmət eləsin, qazilərimizə cansağlığı arzulayırıq. Daha sonra, Kərim Tahirov pandemiya dövründə Milli Kitabxananın fəaliyyəti, görülən işlər barədə çıxışını davam etdirərək oxucuların sorğularının tam şəkildə ödənilməsi məsələsini önə çəkmişdir. O, qeyd etmişdir ki, məhz bu il ərzində virtual oxucularımızın sayı 2 dəfədən çox artmışdır.  Milli Kitabxana yeganə kitabxanadır ki, pandemiya dövründə oxuculara fasiləsiz onlayn xidmət göstərib. Eləcə də, pandemiya dövründə 26 adda Elektron məlumat bazası, 46 adda virtual sərgi təşkil olunmuşdur. Direktor çıxışının sonunda pandemiya dövründə oxuculara onlayn xidmətin təşkilində fəal iştirak edən əməkdaşlara öz təşəkkürünü bildirmişdir.

Sonra direktor 2021-ci ildə qarşıda duran vəzifələrə toxunaraq bildirib ki, pandemiya şəraiti bizə göstərdi ki, hansı işlərə daha çox diqqət yetirmək lazımdır. O, bildirib ki, qarşıdakı ildə daha çox elektron resurs hazırlanmalı və istifadəçilərə təqdim olunan onlayn xidmətlərin çeşidi daha da genişləndirilməlidir. Həmçinin, direktor Milli Kitabxananın yaradılan yeni saytının ilin əvvəlində təqdim olunması barədə göstəriş vermiş və yeni iş formalarının yaradılmalı olduğunu vurğulamışdır.

Sonra çıxış edən Milli Kitabxananın Beynəlxalq əlaqələr və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova pandemiya dövründə Milli Kitabxananın fəaliyyəti haqqında danışaraq  bildirmişdir ki, Milli Kitabxana bu il mart ayının 11-dən etibarən onlayn formada fəaliyyətini davam etdirib, kitabxanamızın saytındakı “onlayn xidmətlər” pəncərəsi daha da təkmilləşərək oxucuların istifadəsinə verilmişdir. Sonra o, bu müddət ərzində olan elektron sifarişlərin sayından, oxucu sorğularından danışaraq bildirib ki,  Milli Kitabxana həmçinin, bu dövr ərzində çoxsaylı metodik vəsaitlər, biblioqrafiyalar tərtib edərək öz işini davam etdirmişdir.

Ədibə İsmayılova bildirib ki, bu dövrdə istər ölkə daxilində, istərsə də ölkə xaricində yaşayan ziyalılarımıza, oxucularımıza göstərdiyimiz onlayn xidmətlər öz bəhrəsini vermişdir. Belə ki, Milli Kitabxananın elektron email ünvanına xarici ölkələrdən və yerli oxuculardan çoxsaylı təşəkkür məktubları daxil olmuş və dövri mətbuat səhifələrində məqalələr işıq üzü görmüşdür.

Daha sonra Elmi işlər üzrə direktor müavini Elmi tədqiqat və Metodik təminat şöbəsinin müdiri Mələk Xanım Hacıyeva çıxış edərək yerlərdəki Mərkəzləşdirilmiş Kitabxana sistemlərinə göstərilən virtual metodik xidmət işindən, “Alisa” avtomatlaşdırılmış kitabxana proqramı üzrə keçirilən virtual treninqlərdən və Könüllülər cəlb olunmaqla həyata keçirilən “Şəhidlər ölmür” adlı layihənin reallaşdırılmasından danışmışdır.

Elmi Şuranın digər üzvlərinin də çıxışları dinlənildikdən sonra 2020-ci ildə Milli Kitabxananın fəaliyyəti və pandemiya dövründə oxuculara və istifadəçilərə göstərilən onlayn xidmət qənaətbəxş hesab olunmuşdur.

Daha sonra çıxış edən Elmi Şuranın sədri K.Tahirov Azərbaycan Resspublikasının Mədəniyyət Nazirinin birinci müavini, Nazir vəzifələrini icra edən cənab Anar Kərimovun dekabrın 18-də Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri ilə keçirdiyi onlayn görüşdə irəli sürdüyü təkliflərdən, habelə erməni işğalından azad olunan rayonlarımızdakı mədəniyyət müəssisələrinin, kitabxanalarımızın bərpası ilə əlaqədar Milli Kitabxananın qarşısına qoyduğu vəzifələrdən, həmin kitabxanalar üçün kitab toplanması kompaniyasına artıq start verildiyindən danışmışdır.

İclasın sonunda Kərim Tahirov Pandemiya dövründə Milli Kitabxananın fəaliyyətini özündə əks etdirən bir vəsaitin çap olunmasının vacibliyini vurğulamış və bu məsələyə Şura nümayəndələri də öz müsbət münasibətlərini bildirmişlər.