close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsi Məlikzadənin anadan olmasının 85 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə çap olunan “İsi Məlikzadə. Qatarda” hekayələr kitabının təqdimat mərasimi

29-10-2019

Oktyabrın 29-da  Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsi Məlikzadənin anadan olmasının 85 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə çap olunan “İsi Məlikzadə. Qatarda” hekayələr kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri açan prof. Kərim Tahirov çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsi Məlikzadənın yaradıcılığından, onun əsərlərinin dilinin sadəliyindən danışıb. O, kitabın əhəmiyyətini xüsusilə qeyd edərək  bildirib ki, gənc nəsil onun hekayə və povestlərini oxuyarkən onlarda yazıçı haqqında böyük təsəvvür yaranacaq.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək İsi Məlikzadəni 60-cı illər Azərbaycan nəsrinin tarixində öz izini qoymuş yazıçı kimi qiymətləndirib. O, çıxışında yazıçının əsərlərinin əsas mövzusunun Qarabağ mühitinə aid olduğunu, yaratdığı obrazların əyalətin sadə insanlarından seçdiyini, onların canlı obrazını yaratdığını  söyləyib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, 525 qəzetinin baş redaktoru, yazıçı, jurnalist Rəşad Məcid kitabın ərsəyə gəlməsindən, ideyasından danışaraq, kitabda əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib. O, İsi Məlikzadənin Ağcabədidə xatirə muzeyinin yaradılmasının vacibliyini xüsusilə qeyd edib.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı, jurnalist, publisist Aqil Abbas tədbirdə çıxış edərək İsi Məlikzadənin əsərlərindəki sadə xalq danışıq üslubundan, dilinin zənginliyindən söhbət açıb.

Milli Məclisin üzvü, filologiya üzrə fəlsəfə doktoru, şair Tahir Rzayev “Qatarda” povestindən, Dadaşov obrazının zənginliyindən danışıb və yazıçının “İki günün qonağı”  povestində öz həyatını qələmə aldığını söyləyib.

Filologiya elmləri doktoru, prof. Asif Rüstəmli kitab haqqında geniş danışaraq, bildirib ki,  bu ad zamanın qatarı, həyatın qatarıdır. Professor çıxışında “Qatarda” kitabının yenidən nəşr olunaraq, ərsəyə gəlməsinin İsi Məlikzadənin yubileyinə ən sanballı töhfə olduğunu və  kitaba Rəşad Məcid tərəfindən səmimi, içdən gələn hisslərlə ön söz yazıldığını xüsusi qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat  fondunun direktoru Əjdər Ol çıxış edərək “Qırmızı yağış” romanından və işlədilən məcazların əhəmiyyətindən danışıb. O, bildirib ki, belə kitabların çapdan buraxılması gənc nəslin İsi Məlikzadə yaradıcılığına olan marağını daha da artıracaqdır.

Jurnalist Əsəd Cahangir çıxış edərək tədbirin əhəmiyyətini vurğulayaraq  “Ədəbiyyat” qəzetində çap etdirdiyi “Qatarda keçən 30 il” məqaləsindən danışıb. O, bildirib ki, onun yaradıcılığında kənd mövzusu, torpağa sadiqlik əsas olub və İsi Məlikzadəni “realist-psixoloji yazıçı” kimi dəyərləndirib.

Daha sonra kitabın redaktoru Şahanə Müşviq çıxış edərək bildirb ki, indiyə kimi İsi Məlikzadə yaradıcılığında bir sükut var idi, artıq keçirilən belə tədbirlər bu sükutun pozulmasına səbəb oldu.

Sonda ailə adından yazıçının qızı Xatirə Məmmədli çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz minnətdarlığını bildirib.

Daha sonra tədbir iştirakçıları İsi Məlikzadənin əsərlərindən ibarət “İsi Məlikzasə - 85” adlı sərgi ilə tanış olub və sərgi önüdə xatirə şəkli çəkilib.