22-02-2024
Azərbaycanın görkəmli yazıçısı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin (1869-1932) anadan olmasının 155 illi tamam olur.
Tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi, yeni tipli ictimai satiranın yaradıcısı Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə 1869-cu il fevral ayının 22-də Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb. 1887-ci il iyun ayının 7-də Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirib, 1887-1897-ci illərdə İrəvan quberniyasının kəndlərində müəllimlik edibdir.
İlk məlum bədii əsəri sayılan “Çay dəsgahı” alleqorik pyesini və “Danabaş kəndinin əhvalatları” povestini bu dövrdə yazıb.
1905-1907-ci illərdə ilk kitabçaları olan “Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy”, “İranda hürriyyət” bu mətbəədə nəşr olunub. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açıb.
1906-cı il aprel ayının 7-də, Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxıb. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub. “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyub.
Milli Kitabxanada Cəlil Məmmədquluzadənin yaradıcılığını əks etdirən “Cəlil Məmmədquluzadə-155” adlı ənənəvi kitab sərgisi açılıb. Sərgidə ədibin əsərləri, haqqında yazılan kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.
Ənənəvi sərgi 1 həftə davam edəcək.