18-11-2019
Noyabrın 18-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, TURKSOY Beynəlxalq təşkilatı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşirinin iştirakı ilə böyük Azərbaycan yazıçısı və görkəmli ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans və Milli Kitabxanının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabının və “Cəlil Məmmədquluzadə - 150” Elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.
İlk öncə qonaqlar Fəxri Xiyabanda olaraq Ümummilli lider Heydər Əliyevin və Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri qoyublar.
Sonra qonaqlar Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin iştirakı ilə Görkəmli ədib Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirindən sonra açılışında iştirak ediblər.
Daha sonra Milli Kitabxanada görkəmli Azərbaycan yazıçısı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasinin 150 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi-Praktik Konfransın açılışı mərasimi baş tutub.
Konfransı Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov açaraq, qonaqları salamlayıb və bildirib ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana birgə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına müvafiq olaraq görkəmli yazıçı, jurnalist, dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Praktik Konfrans təşkil edib. Prof. Kərim Tahirov çıxışında qeyd edib ki, konfransda 60 ildən sonra ilk dəfə olaraq Cəlil Məmmədquluzadə nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşiri, eyni zamanda yerli və xarici ölkələrdən dəvət edilmiş Cəlilşünaslar iştirak edirlər. Professor çıxışında Cəlil Məmmədquluzadə nəslinin nümayəndələrinin Azərbaycana dəvət olunmasında böyük xidməti olan akademik İsa Həbibbəyliyə dərin təşəkkürünü bildirərək qeyd edib ki, bundan sonra da onlar Azərbaycan xalqının milli məfkurəsinin formalaşmasında əhəmiyyətli rol oynayan Cəlil Məmmədquluzadənin Azərbaycanda böyük hörmətlə yad edildiyini görəcəklər.
Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq sərəncamına uyğun olaraq ölkəmizdə və onun hüdudlarından kənarda bir sıra tədbirlər həyata keçirilir. Nazir müavini çıxışında bildirib ki, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalındakı XX əsrin əvvəllərinin bütün ədəbi mühitinə təsir göstərən əsərlərində, hekayə, povestlərində, pyes, felyeton, məqalə və məktublarında həmin dövr Azərbaycan həyatının bütün aktual siyasi-ictimai problemlərini əhatə edib. Bildirib ki, ədibin xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidəsi ucaldılıb, əsərləri yüksək tirajla nəşr edilib, əsərlərinə bədii, sənədli filmlər çəkilib.
Sonra C. Məmmədquluzadənin həyat və yaradıcılığından bəhs edən qısa sənədli film nümayiş olunub.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək böyük yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin yaradıcılığından danışaraq bildirib ki, o, insanları cəhalətdən, nadanlıqdan xilas etmək üçün mübarizə aparıb, öz doğma millətinin inkişafı yolunda böyük əzmlə xidmət göstərib.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin Komitə sədri, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, Azərbaycan ədəbiyyatında tənqidi realizm ədəbi cərəyanının və “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadə mənsub olduğu xalqın ümummilli oyanışına və istiqlalına xidmət edən böyük ədəbiyyat yaratmaq missiyasını şərəflə yerinə yetirən görkəmli Azərbaycan mütəfəkkiridir. Akademik İsa Həbibbəyli çıxışında Cəlil Məmmədquluzadənin bütün zamanlar üçün müasir olan əsərləri ilə daim xalqımızın və milli-mənəvi dəyərlərimizin keşiyində dayanan, daha böyük gələcəyə doğru inkişafımıza bələdçilik edən, əbədiyyət qazanmış qüdrətli sənətkar olduğunu söyləyib. Bildirib ki, ədibin bütün əsərləri milli oyanış və dirçəlişə, azərbaycançılıq ideyalarına və istiqlala həsr olunub. Onun 1917-ci ildə çap etdirdiyi məşhur “Azərbaycan” məqaləsi üstündən 100 il keçməsinə baxmayaraq bu gün də bizim azərbaycançılıq ideologiyasının əsasını təşkil edir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva çıxış edərək görkəmli ədibin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən söz açıb. Cəlil Məmmədquluzadənin əsərləri, yaradıcılığı haqqında hər şeydən öncə bir oxucu kimi danışaraq bildirib ki, əsərlərini oxuduqca hər birimizin üzündə təbəssüm yaranır. Onun bütün əsərləri insanları cəhalətdən, nadanlıqdan xilas olmağa səsləyir.
Cəlil Məmmədquluzadə nəslinin nümayəndəsi (nəticəsi) Martin Cavanşiri çıxış edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirib. İlk dəfə Azərbaycanda olan Martin Cavanşiri “təsəvvürümə gətirə bilmirdim ki, ulu babam Azərbaycan xalqı, mədəniyyəti üçün belə önəmli işlər görüb. İki gün ərzində onun haqqında əhəmiyyətli məlumatlar topladım. Dünən Şəhidlər Xiyabanında, Nizami adına Ədəbiyyat İnstitunda oldum. Bu gün isə Fəxri Xiyabanda məzarını ziyarət etdim və ev mizeyinin açılışında iştirak etdim. Bundan sonra isə ölkəmi dərindən tanımağa çalışacam və mən ulu babam, görkəmli yazıçı Cəlil Məmmədquluzadə nəslinin nümayəndəsi olmaqdan qürur duyuram” – deyə söyləyib.
Sonra TÜRKSOY-un Baş Katibinin müavini Bilal Çakıcı TÜRKSOY Beynəlxalq Təşkilatı adından Cəlil Məmmdəquluzadə xatirə plaketlərini Mədəniyyət nazirinin birinci müavini cənab Vaqif Əliyevə, ədibin nəticəsi Martin Cavanşiriyə, akademik İsa Həbibbəyliyə təqdim edib.
Daha sonra Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabının və “Cəlil Məmmədquluzadə - 150” Elektron məlumat bazasının təqdimatı keçirilib.
Sonda Mingəçevir Asan könüllülərinin ifasında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərindən səhnəcik nümayiş edilib.
Konfrans daha sonra Özbəkistan Milli Universitetinin professoru, Filologiya elmləri doktoru Hamidulla Baltabayevin “Cəlil Məmmədquluzadə və Özbək ədəbiyyatı”, Bolqarıstan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun əməkdaşı, fəlsəfə doktoru İvan Xristovun “Cəlil Məmmədquluzadə və Bolqar ədəbiyyatında gülüş”, Türkiyə Respublikası Ankara Hacı Bayram Vəli Universitetinin Edebiyat Fakültesi Çağdaş Türk Ləhçələri ve Edebiyatları Bölümünün dosenti Aysun Demirez Günerinin “Cəlil Məmmədquluzadənin əsərlərinə ümumi bir baxış”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, Filologiya elmləri doktoru Tehran Əlişanoğlunun “Cəlil Məmmədquluzadəşünaslıqda yeni mərhələ: metafizikadan fizikaya”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "XX əsr Ədəbiyyatı" şöbəsinin müdiri, Filologiya elmləri doktoru Şirindil Alışanlının “Cəlil Məmmədquluzadə sənəti: əbədiliyin ideya-estetik meyarları”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmmədin “Cəlil Məmmədquluzadə fenomeni: sözün qüdrəti və müasirlik”, AMEA Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi Ayaz Salayevin “Cəlil Məmmədquluzadənin yaradıcılığında milli təfəkkür problemləri”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Gülbəniz Babayevanın “Cəlil Məmmədquluzadənin şah əsəri: “Molla Nəsrəddin””, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Pənah Hacıyevin ““Dəli yığıncağı” tragikomediyasında estetik ideal” mövzular üzrə məruzələrlə çıxışları ilə davam edib.