08-10-2021
Oktyabrın 8-də VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalında “Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Milli Kitabxanasının və Gürcüstan Parlament kitabxanasının rəhbərlərinin iştirakı ilə Bolqarıstana və Gürcüstana dair daimi guşələrin açılışı olub.
Azərbaycan Milli Kitabxanasının dəvəti ilə gələn Rusiyadan, Bolqarıstandan, Qırğızıstandan, Gürcüstandan, Özbəkistandan olan nümayəndə heyəti ilk öncə kitabxana ilə tanış olublar. Qonaqlar Milli Kitabxananın “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi” şöbəsi, oxu zalı, kitabxana fondunda olublar.
Sonra Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalında daimi guşələrin açılış mərasimi keçirilib. Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq ilk öncə qonaqları salamlayıb, onları kitabxanada görməkdən məmnun olduğunu bildirib. Direktor qeyd edib ki, bu gün bura Bolqarıstan və Gürcüstana dair daimi guşələrin açılış mərasiminə yığışmışıq. K.Tahirov vurğulayıb ki, ölkəmizdə keçirilən hər beynəlxalq kitab sərgisi zamanı bütün ölkələr öz ekspozisiya nümunələri ilə təmsil olunurlar. 2019-cu ildə 20-ə yaxın ölkə bu tədbirlərdə iştirak edirdisə, bu il pandemiya ilə əlaqədar yalnız 5 ölkə iştirak edə bildi. Həmçinin, direktor onu da qeyd edib ki, “Beynəlxalq Əməkdaşlıq zalı”ndakı kompyuterlər vasitəsilə artıq Bolqarıstan və Gürcüstan kitabxanalarının elektron kataloquna birbaşa daxil olmaq mümkündür.
Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Yankov çıxış edərək Azərbaycan Milli Kitabxanasında Bolqarıstan guşəsinin yaradılmasından şad olduğunu bildirib. O, bildirib ki, bu gələcək mədəni əlaqələrin inkişafı üçün yaxşı başlanğıc olacaqdır.
Gürcüstanın Azərbaycandakı Səfirinin müavini Revaz Sakvarelidze çıxışında bildirib ki, Gürcüstan ilə Azərbaycan arasında əlaqələrin tarixi çox zəngindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar və biz bu gözəl ənənələri bu gün də davam etdiririk. Sonra o, bildirib ki, çox sevincli haldır ki, bu gün bu əlaqələrin bir göstəricisi kimi Azərbaycan Milli Kitabxanasında Gürcüstana dair daimi guşənin açılışı oldu. Həmçinin, o, vurğulayıb ki, buradakı kompyuterlərdən istifadə edərək birbaşa Gürcüstan Milli Parlament Kitabxanasının elektron kataloquna daxil olaraq ölkənin mədəniyyətinə, tarixinə, ədəbiyyatına dair nəşrlərə baxmaq imkanı yaradılıb.
Daha sonra Bolqarıstan Milli Kitabxanasının direktoru Krasimira Aleksandrova çıxış edib. O, ilk öncə keçirilən tədbirlərin təşkilinə görə Milli Kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirib. Qeyd edib ki, yaradılan bolqar guşəsində hazırda 40 adda vardır. O, gələcəkdə bu kitabların sayının artırılacağını vurğulayıb.
Gürcüstan Milli Parlament Kitabxanasının Kitabxana resursları şöbəsinin direktoru Levan Taktakishvili çıxış edərək bildirib ki, gürcü mədəniyyətinə, ədəbiyyatına dair ən yeni, gözəl tərtibatlı kitablar bu gün bu guşədə nümayiş olunur.
Tədbirin sonunda Milli Kitabxananın direktoru Kərim Tahirov hər kəsə öz təşəkkürünü bildirib və vurğulayıb ki, bir neçə gün sonra Bolqarıstan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olacaq, eyni zamanda Bolqarıstan Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanacaq.
Tədbirin sonunda qonaqlara “Azərbaycan Milli Kitabxanası: fotoalbom”, “Salam Azərbaycan” kitabları və digər hədiyyələr təqdim olunub.
Məlumat üçün bildirilib ki, Beynəlxalq əməkdaşlıq zalında 14 ölkənin ədəbiyyatına dair yaradılmış daimi guşə var.