31-08-2019
31 avqust tarixində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq Cəfər Cabbarlının 120 illiyi münasibətilə yenicə nəşr olunmuş, filologiya elmləri doktoru Asif Rüstəmlinin müəllifi olduğu, cabbarlışünaslığın inkişaf mərhələlərindən bəhs edən “Cəfər Cabbarlı və cabbarlışünaslıq” adlı tədqiqat əsərinin və C.Cabbarlı Ev Muzeyinin direktoru, C.Cabbarlı adına “Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” ictimai birliyinin sədri Qəmər Bağırovanın, C.Cabbarlının bir sıra lirik, satirik və vətənpərvərlik mövzusunda yazdığı şeirlərinin toplandığı “Ölkəm” adlı kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamladı. Professor öz çıxışında Sovet dönəmində C.Cabbarlının kifayət qədər tədqiq olunmamasından, müstəqillik illərində Azərbaycanın fədakar oğul və qızlarının Azərbaycan ədəbiyyatının tədqiqi sahəsində yorulmadan gördüyü tədqiqat işlərindən bəhs etdi. Direktor, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin silsilə sərəncamlarına əsasən, XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq, şair, Azərbaycan ədəbiyyatında öz dəsti xətti olan Cəfər Cabbarlı haqında keçirilən tədbirlərin mahiyyətindən geniş söhbət açdı. Cəfər Cabbarlının fəal tədqiqatçısı Asif Rüstəmlinin kitablarının tədqimatı haqqında tədbir iştirakçılarını məlumatlandırdı və Asif Rüstəmlinin Cəfər Cabbarlının Milli istiqlal hərəkatı ilə bağlı apardığı elmi tədqiqat fəaliyyətini xüsusi vurğuladı. Kitabxananın direktoru qeyd etdi ki, Cəfər Cabbarlı ədəbiyyat tarixində həmişəyaşar dramaturq olaraq qalacaq və tədqiq olunacaqdır. Kərim Tahirov söylədi ki, Cəfər Cabbarlı Ev Muzeyinin və Cəfər Cabbarlı adına “Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” ictima birliyinin bu sahədə uğurlu fəaliyyətini də yüksək qiymətləndirmək olar.
Layihənin rəhbəri Cəfər Cabbarlı adına Ev Muzeyinin direktoru, C.Cabbarlı adına “Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” ictimai birliyinin sədri Qəmər Bağırova çıxış edərək, Azərbaycan Republikasının Mədəniyyət Nazirliyinə, M.F.Axundov adına Milli Kitabxananın rəhbərliyinə öz minnətdarlığını bildirdi və Cəfər Cabbarlının lirik, satirik və vətənpərvərlik mövzusunda yazdığı poeziya nümunələrinin “Ölkəm” şeirlər kitabında toplandığını xüsusi diqqətə çatdırdı.
Tədbirdə həmçinin, filologiya elmləri doktoru Yaşar Qasımbəyli “Cəfər Cabbarlı və Cabbarlışünaslığ”a elmi-nəzəri baxış mövzusunda məruzə ilə çıxış etdi. Daha sonra, ədəbiyyatşünas, tənqidçi və publisist, filologiya üzrə elmlər doktoru, professor Əsgərli Əlizadə Asif Rüstəmlinin Azərbaycan ədəbiyyatının publisistika, tədqiqatçılıq tarixində mühüm rol oynadığını və C.Cabbarlı irsinə verdiyi tövhələri qeyd etdi. Filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə xanım Cəfər Cabbarlının məhbusluq dövründə yazdığı “Açan solan çiçəklər” adlı şeirini söylədi. Tədbirdə həmçinin filologiya elmləri doktoru Məmmədli Tahirə, Kredo qəzetinin baş redaktoru Əlirza Xələfli, professor Əliyev Yəhya, Naxçıvan Dövlət Universitetinin dosenti Xanəli Kərimli, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı, “Həsrət Yolu Əsir və Girovlara kömək” ictimai birliyinin sədri Esmira Orucova, yazıçı, ssenari müəllifi Firudin Qurbansoy, gənc şair Sevindik Nəsiboğlu və başqaları çıxış etmişdir.
Tədbirin sonunda Asif Rüstəmli tədqiqatçısı olduğu Cəfər Cabbarlı yaradıcığından söhbət açdı. Tədqiqatda cabbarlışünaslığın bütün dövrlərini maraqla və problemləri həvəslə araşdırdığını xüsusi vurğuladı. Tədqiqatçı Cəfər Cabbarlı haqqında ilk yazının 1917-ci ildə Seyid Hüseynin Ədirnə fəthi haqqında yazdığı, Açıq söz qəzetində dərc edildiyini qeyd etdi. Bununla yanaşı, həmin dövrdə Abbas Mirzə Şərifzadənin başçılığı ilə tamaşaya qoyulduğunu bildirdi. Asif Rüstəmli çıxışında Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə, direktor Kərim Tahirova və kitabın ərsəyə gəlməsində yardımçı olan hər kəsə öz təşəkkürünü bildirdi.