04-04-2023
Aprelin 4-də Milli Kitabxanada Aprel döyüşlərinin ildönümü ilə əlaqədar tədbir və Elektron məlumat bazasının təqdimatı keçirilib.
İlk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir boyunca, qonaqlara dördgünlük Aprel döyüşlərindən, güclü ordumuzun bu şərəfli döyüşlərdə göstərdikləri şücaətdən danışılıb. Bildirilib ki, Azərbaycan xalqının əldə etdiyi qələbənin əsası məhz Aprel döyüşləri ilə qoyulub. Bununla bütün dünyaya Azərbaycan Ordusunun gücü, qələbə əzmi sübut olunub.
Tədbir zamanı qeyd edilib ki, məhz bu zəfərdən sonra 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı ilə on bir min hektarlıq ərazi azad olundu, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət ələ keçirildi, 2020-ci ildə isə Tovuz istiqamətində düşmən təxribatının qarşısı qətiyyətlə alındı, düşmənə sarsıdıcı zərbələr vuruldu. 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi zəfər, qələbə qazanıldı, ədalət bərpa edildi.
Sonda bütün iştirakçılar və qonaqlar Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Aprel döyüşləri” adlı elektron məlumat bazası (http://anl.az/el/emb/aprel_doyusleri/index.html) və “Aprel döyüşləri və ya dördgünlük müharibə” adlı sərgi ilə tanış oldular.
Bizim vəzifəmiz qəhrəmanlarımızı daima xatırlamaqdır. Azərbaycan xalqı canından keçən şəhidləri heç vaxt unutmayacaq. Allah bütün şəhidlərə rəhmət etsin!