02-04-2024
Aprel döyüşləri, Dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişədir.
Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin edib.
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 25-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Aprel döyüşləri - bizim şanlı qələbəmizdir” adlı elektron məlumat bazası, “Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub. Həmçinin “Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” adlı ənənəvi geniş kitab sərgisi açılıb.
Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Dördgünlük müharibə”, “Aprel şəhidləri”, “Aprel döyüşlərinin xatirəsi”, Aprel döyüşləri haqqında kitablar, məqalələr, fotoqalereya və s. özündə əks etdirən materiallar nümayiş olunur.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/aprel_doyusleri/index.html linkindən istifadə edə bilərlər.
Virtual sərgidə Aprel döyüşləri haqqında dövri mətbuat məqalələri, kitablar, fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Aprel_doyusleri/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi kitab sərgisində isə Böyük Zəfərin başlanğıcı - Aprel döyüşlərindən, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbədən, tarixi zəfərimizin əldə olunmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasından, Azərbaycan əsgərinin rəşadətindən, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin döyüş yolundan bəhs edən Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.
Ənənəvi kitab sərgisi 1 həftə davam edəcək.